Xalq şairi Zəlimxan Yaqub (1950-2016) haqqında yeni kitab işıq üzü görüb. Kitabda Zəlimxan Yaqubun vəfatından sonra onun haqqında tanınmış ictimai xadimlərin, elm və sənət adamlarının yazdıqları yazılar, ona ithaf olunmuş şeirlər toplanıb. “Elm və təhsil” nəşriyyatında çap olunmuş kitabın tərtibçisi və “ön söz”ün müəllifi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. “Kitabın tərtibçisi olaraq məxsusi şəkildə kimdənsə şairlə bağlı xatirələrini yazmağı xahiş etməmişəm. Yazıların, şeirlərin hamısı şairin ölümündən kədərlənənlərin ürək çırpıntılarıdır və biz onları müxtəlif mətbuat orqanlarından toplamışıq”, - deyə o, “ön söz”də qeyd edir.
   Xalq şairləri Nəriman Həsənzadə, Fikrət Qoca, Sabir Rüstəmxanlı, millət vəkilləri Əflatun Amaşov, Qənirə Paşayeva, professorlar Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə və başqalarının kitabda yer almış bədii-publisistik yazılarında və şeirlərdə Z.Yaqubun zəngin yaradıcılığından bəhs olunmaqla yanaşı, onun xeyirxahlığı, gənc yazarlara qayğısı, insani keyfiyyətləri diqqətə çatdırılır. Vurğulanır ki, şair yaradıcılığında kənd və şəhər mədəniyyətlərini ortaq məxrəcə gətirərək, ədəbiyyatın, mədəniyyətin, adət-ənənənin kəndlə, şəhərlə ölçülmədiyini, insanlıqda, tərbiyədə və əxlaqda olduğunu nümayiş etdirib.
   Xatırladaq ki, şairin sağlığında ona həsr edilmiş elmi-publisistik məqalələrdən ibarət üçcildlik “Zəlimxan Yaqub ədəbi düşüncədə” və ona ithaf olunmuş şeirlərin toplandığı “Zaman bu kəsiri bitirməliydi” adlı kitablar (tərtibçi Musa Nəbioğlu) nəşr olunub.