Artıq tarixə qovuşan 2017-ci il dünya kinosunda itkilər, qalmaqallar və bəzi filmlərin başgicəlləndirici gəlirləri ilə xarakterik olub. “Euronews” telekanalı ötən il kino aləmində baş verən hadisələri toplu halında təqdim edib.
   “Agent 007” - məşhur ingilis aktyoru Rocer Mur may ayında 89 yaşında vəfat edib. Son 16 ildə UNICEF-in xoşməramlı səfiri olan aktyor cəngavər tituluna layiq görülmüşdü. 
   Fransız aktrisası Janna Moro iyul ayının sonlarında dünyasını dəyişib. Öz dövrünün tanınmış rejissorları ilə işləyən Moro 60 illik yaradıcılıq fəaliyyəti dövründə 70-dən çox filmdə rol alıb. 
   İyul ayında Martin Landau dünyasını dəyişib. O, aktyorluq sənətinə Çarli Çaplinin filmlərinə olan məhəbbəti sayəsində gəlmişdi. Aktyor “Oskar”, “Qızıl qlobus” mükafatlarına layiq görülüb.
   Avqust ayında dünya amerikalı komik Cerri Luislə vidalaşıb. Ötən yay kinematoqrafiya üçün daha bir önəmli şəxsin itkisi ilə yadda qalıb. Qorxu filmlərinin “xaç atası” adlandırılan rejissor Corc Romero ötən yay 77 yaşında xərçəng xəstəliyinə yenilib.
   Fransa kinematoqrafiyası üçün daha bir məşhur ad - Jon Roşfor oktyabrda vəfat edib. 160-dan çox filmdə çəkilən aktyor ölkəsindən kənarda əsasən “Qara ayaqqabılı ucaboylu sarışın” filmindəki roluna görə tanınıb. 
   Ötən il dünya kinematoqrafiyası tanınmış alman kinooperatoru Mixeil Ballhausla da vidalaşıb. O, Rayner Verner Fasbinder, Martin Skorsese, Frensis Ford Koppolo kimi rejissorlarla birgə çalışmışdı.
   * * *
   Ötən ilin ən uğurlu və qazanc gətirən filmlərinə gəlincə. Baş rolda Emma Uotsonun çəkildiyi “Gözəl və bədheybət” filminin büdcəsi 160 milyon dollar təşkil edib. Dünya prokatında film 1 milyard dollardan çox qazanc gətirərək ilin ən çox izlənən ekran əsəri olub.
   İndiyə qədər yalnız 6 cizgi filmi prokatda 1 milyard dollardan artıq gəlir gətirib. Onların arasında ötən ilin yeniliyi - 80 milyon dollara başa gələn “Çirkin mən 3” filmi də var.
   Super-qəhrəmanlar haqqında filmlər hər zaman olduğu kimi, böyük şöhrət qazanır. Hyu Cekmanın Rosomaxa obrazı ilə kino ekranına qayıtdığı “Loqan” filminin büdcəsi 97 milyon dollar təşkil edib və prokatlarda büdcəsindən 6 dəfə çox qazanc gətirib.
   Stiven Kinqin romanı əsasında çəkilən “Ono” filmi də kommersiya uğuruna imza atıb. Uşaqları qətlə yetirən Pennivayz adlı qorxulu kloun və 7 cəsur yeniyetmə haqqındakı film cəmi 35 milyon dollara başa gəlsə də, qazancı 700 milyon dollar olub.
   “Dünkerk” dramı kinematoqrafiya tarixinə II Dünya müharibəsi mövzusunda ən çox izlənən film kimi düşüb. Kristofer Nolanın 100 milyon dollara başa gələn kinolenti prokatda 525 milyon dollar qazanc əldə edib.
   Baş rolda İsrail aktrisası və modeli Qal Qadotun oynadığı “Möcüzə qadın” ekran əsəri super-qəhrəmanlar haqda çəkilən ən gəlirli film olub. Filmin yaradıcıları 800 milyondan çox qazanc əldə ediblər.