3-7 yanvar tarixində Rusiyanın Sankt-Peterburq şəhərində görkəmli musiqiçi və pedaqoq S.İ.Savşinski adına IX Beynəlxalq musiqi müsabiqəsi keçirilib. Fortepiano, simli alətlər və vokal nominasiyaları üzrə 5 yaş kateqoriyasında keçirilmiş müsabiqəyə 10-dan çox ölkədən iştirakçılar qatılıb. 
   Yarışmada Azərbaycanı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin 5-ci sinif şagirdi Şirin Əmiraslanova və Bakı Musiqi Akademiyasının 2-ci kurs tələbəsi Nəriman Əmiraslanov təmsil edib. 10 yaşlı Şirin 14 nəfər iştirakçı arasında uğurla çıxış edərək laureat adı qazanıb və 3-cü dərəcəli diploma layiq görülüb. Balaca pianoçu müsabiqədə İ.S.Bax, F.Şopen və Q.Qarayevin əsərlərindən nümunələr ifa edib.
   Qeyd edək ki, Şirinin qardaşı, G.Şaroyev adına məktəbin məzunu olmuş Nəriman Əmiraslanov müsabiqənin diplomantı adını qazanıb. Hər iki iştirakçının müəllimi Bakı Musiqi Akademiyasının professoru Siala Sinamdzqvarişvilidir.