Festivalın əcnəbi iştirakçıları üçün Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub
   
   Xəbər verildiyi kimi, yanvarın 5-də Qəbələ şəhərində “Veselo” yumor və musiqi festivalı başlayıb. 12-ci dəfə keçirilən beynəlxalq festival bu dəfə “Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə Qəbələni özünə məkan seçib.   
   Festival çərçivəsində iştirakçılar yerli sakinlər və əcnəbi qonaqlar qarşısında maraqlı proqramlarla çıxış ediblər. “Kvartal-95” yumor qrupunun çıxışı xüsusilə yaddaqalan olub.
   Heydər Əliyev Konqres Mərkəzində Ukraynanın tanınmış yumor aktyoru Vladimir Zelenskinin rəhbərliyi ilə təqdim olunan konsertin tamaşaçıları arasında Ukrayna, Belarus, Rusiya və Avropa ölkələrindən yüzlərlə turist, eləcə də yerli yumorsevərlər olub. İki saat davam edən konsert alqışlarla qarşılanıb.
   Sonra Vladimir Zelenski Azərbaycan barədə xoş təəssüratlarını tamaşaçılarla bölüşüb, gözəl təbiəti olan Qəbələni çox sevdiyini bildirib. Qəbələdən sonra Bakıda da “Kvartal-95” yumor qrupunun üzvləri ilə birgə konsertlə çıxış etmək istədiyini bildirən V.Zelenski Azərbaycanda komediya janrında film çəkmək arzusundan da danışıb.
   Yanvarın 8-də festivalın əcnəbi iştirakçıları üçün Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub. Tədbirdə qonaqlara monitor vasitəsilə xalqımızın qədim tarixi, musiqi mədəniyyəti, milli mətbəxi və turizm imkanları təqdim olunub. Festival iştirakçıları Heydər Əliyev Konqres Mərkəzinin foyesində istedadlı gənclərin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
   Mədəniyyət gecəsi yerli musiqiçilərin konserti ilə davam edib. Nağaraçıların çıxışı, “Cəngi”, “İgidlər” rəqsi və “Azərbaycan” mahnısının ifası alqışlarla qarşılanıb. Sonra əcnəbi qonaqlara “Qafqaz Riverside” hotelində milli mətbəximizin ləziz yeməkləri təqdim olunub. 
   Festivalın proqramına Vaxtanq Kikabidzenin (9 yanvar) və Diana Arbeninanın iştirakı ilə “Nocnie Snayperi” qrupunun (10 yanvar) konsertləri də daxildir.
   Festival yanvarın 10-da başa çatacaq.