“Azərbaycanda olduğum günlərin hər bir anı mənin üçün əzizdir”
   
   Azərbaycanda da yaxşı tanınan Türkiyənin keçmiş mədəniyyət naziri Namik Kamal Zeybək ölkəsində müxtəlif sahələrdə aktivliyi ilə seçilib. Millət vəkili, ölkənin ilk mədəniyyət naziri (1989-91), gömrüklər üzrə dövlət naziri, S.Dəmirəlin baş nazirlik və prezidentlik dövrlərində türkdilli ölkələrlə əlaqələr üzrə müşaviri (1992-95) kimi fəaliyyət göstərib. Hazırda da müxtəlif toplantılarda aktiv iştirak edən N.K.Zeybək 25 ildir Əhməd Yəsəvi Fondunun qurucusu və rəhbəridir. Ona ilk sualımız da elə bu barədə oldu. 
   
   - Əhməd Yəsəvi sizin üçün niyə bu qədər önəmlidir?
   - Birincisi, mən türkçüyəm. Türkçülük ideologiyamda iki insanın böyük təsiri var: Ziya Göyalp və Mustafa Kamal Atatürk. Mən onların müstəvisində türkçüyəm. Sual verə bilərsiniz ki, türkçülüklə Əhməd Yəsəvinin nə əlaqəsi var? Türklüyün türk dilindən vaz keçdiyi və fars dilində yazıb-danışdığı bir zamanda Əhməd Yəsəvi ilə türk dili təkrar dirildi. Türklərə müsəlmanlığı da o anlatdı. Mənə görə, bu, əslində, əski Göy Tanrı inancı ilə yeni dinin birləşməsindən meydana gəlmiş türk müsəlmanlığıdır. Bunun üçün mən də türkçü olaraq dində də, dildə də Əhməd Yəsəvi yolundayam. 
   
   - Nə zamandan türkçülüyü özünüzdə hiss etməyə başladınız?
   - 1944-cü ildə Bayburtda anadan olmuşam. Erkən yaşlarımdan turançı oldum. Əlbəttə, bu mənim atamdan gəlirdi. Atam müəllim idi. 13 yaşımda radio dalğalarını qarışdıra-qarışdıra Bakı radiosunu tuturdum. “Danışır Bakı. Hörmətli dinləyicilər, verilişimizə başlayırıq”. Bu səsləri eşitmək üçün radionu az qala qulağıma dayayırdım. Azərbaycan şivəsində şeirlər tapıb əzbərlədim. Beləcə, 16 yaşımda ilk dəfə yazdığım yazının mövzusu turançılıq oldu. Bu yazı bir müddət sonra “Orkun” dərgisində çap olundu. Yəni uşaqlığımdan bəri dəyişməyən idealım türkçülükdü. 23 yaşımdan başlayaraq 10 il kaymakam vəzifəsində çalışdım. 33 yaşımda isə Türkiyə Gömrük Nazirliyində ən gənc müstəşar (nazirdən sonra vəzifəcə ikinci şəxs - red.) oldum. 1987-ci ildə millət vəkili seçildim, qısa bir vaxtdan sonra isə mədəniyyət naziri təyin edildim. Təbii ki, bir türkçü mədəniyyət naziri olursa, ilk addımda Türk dünyası ilə maraqlanar. Mən də bu istiqamətdə ilk səfərimi qardaş ölkəyə - Azərbaycana etdim. Sonra Özbəkistana səfər etdim. 
   
   - Azərbaycanla bağlı təəssüratlarınız necə oldu, yadınızda nələr qaldı? İlk diqqətinizi nə cəlb etdi?
   - Mənim xəyalım Azərbaycanın konsert salonlarından birində bir konsert proqramı dinləmək idi. Hələ tələbə ikən Rəşid Behbudov, Zeynəb Xanlarovanı dinləyir, Azərbaycan dilində öyrəndiyim şeirləri söyləyirdim. İndi də mən o şeirləri əzbər deyə bilərəm. Azərbaycanda olduğum günlərin hər bir anı mənin üçün əzizdir və hamısı yadımda qalıb. Bu ölkə mənim üçün önəmlidir və sanki oraya aid olduğumu hiss etdim. Yəni, bir düşünün, 13 yaşımda radionu dinləyərkən öz-özümə deyirdim ki, bunlar bizim dilimizi radioya qoyublar. Çünki o qədər bənzər sözlər var idi ki... Bayburtda da eyni sözlər istifadə olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra xeyli sənətçi - rəssam, heykəltəraş, bəstəkar və s. Türkiyəyə gəlməyə başladı. Bunların arasında Əflatun Nemətzadə də daxil olmaqla çoxunu mən dəvət etdim. Sonra Azərbaycan da daxil olmaqla Türk dünyasının hər yerindən xeyli tələbəni təhsil almaları üçün Türkiyəyə gətirdik. Qardaş ölkə ilə əlaqələrim indi də davam edir, Azərbaycana gedirəm, toplantılara qatılıram.
   
   - Qayıdaq Əhməd Yəsəviyə, fondun qurulmasına... 
   - Əhməd Yəsəvi bütün Türk dünyasını birləşdirəcək bir şəxsiyyətdir. Mən hələ də onun irsini araşdırıram. Bu günə qədər 19 kitab yazdım, onlardan ikisi Əhməd Yəsəvi ilə bağlıdır. Sizə bir əhvalat danışım. Nazir işlədiyim vaxtlarda bir qazax gəldi yanıma və mənə dedi ki, bizim Qazaxıstanda Türküstan deyə bir şəhər var. Orda da Əhməd Yəsəvinin məzarı var ki, Əmir Teymur onun üzərində türbə tikdirib. Hazırda həmin türbə UNESCO-nun dünya mirası siyahısında yer alıb. Dedi ki, türbə dağılıb və biz onu təmir edə bilmirik. Çünki maliyyə imkanımız yoxdur. Dedim ki, Əhməd Yəsəvi Türk dünyasının atasıdır və onun məzarını təmir etmək bizim vəzifəmizdir. Bildirdim ki, get mədəniyyət nazirinizə de ki, biz Türkiyə olaraq bu işi həyata keçirəcəyik. Sonra mənə dəvət gəldi, Qazaxıstanın mədəniyyət naziri ilə danışdım. O zamanlar əlaqə qurmaq, telefon bağlantıları indiki kimi asan deyildi. Dedim ki, məni Türküstana siz yox, Əhməd Yəsəvi çağırdı. Nazir kimi fəaliyyətim dövründə demək olar ki, bütün Türk dünyasını gəzdim. Sonra baş nazirin baş müşaviri və səfir təyin olundum. Azərbaycan da daxil olmaqla, bütün türk cümhuriyyətləri ilə Türkiyə arasında münasibətlərin qurulması üçün çalışdım. 1992-ci ildə Əhməd Yəsəvi Fondunu qurdum. 1993-cü ildə isə Türküstan şəhərində Əhməd Yəsəvi Universitetini qurduq və 14 il ona rəhbərlik etdim. Yəni mənim Yəsəvi ilə bu qədər bağlılığım var. 
   
   - Bu böyük şəxsiyyətin adını daşıyan fondun hazırda fəaliyyət istiqamətləri nədən ibarətdir?
   - Toplantılar keçirir, gənclərə Yəsəvi haqqında məlumat veririk. Gənclər Türk dünyası ilə bağlı mühazirə hazırlayır və fondda təqdimatını edir. Bundan başqa, “Türk devrimi” adlı dərgi çıxarırıq. Bir sözlə, Əhməd Yəsəvi bizim üçün böyük türkdür.
   
   - Türk dünyasına baxışlarınız necədir? Türk respublikaları arasında daha sıx əlaqə, işbirliyi qurulması üçün prioritet nə olmalıdır, sizcə?
   - Bu sahədə bu günə qədər xeyli yol almışıq, amma hələ çox işlər görməliyik. Əhməd Yəsəvi Universitetində Türk dünyasına bağlı 50 min tələbə yetişdirmişik. Hər kəsin, bütün xalqın türkçü olmasını gözləmək sadəlövhlük olardı. Amma bəlli bir qisim aydın türkçü olarsa, gözəl işlər görülə bilər. Naxçıvanda türkdilli ölkə başçılarının zirvə toplantısında Türk Keneşinin (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası - red.) qurulması çox gözəldir. Arzum gələcəkdə 6 dövlətin iştirakı ilə Turan Dövlətlər Birliyinin qurulmasıdır. Öncə bunun damını qurmaq, yavaş-yavaş da özünü inşa etmək lazımdır. Bilirsiniz, biz əlaqələrə, işbirliyinə mədəniyyətdən başladıq. Bu əlaqələr siyasət və iqtisadiyyata daha sıx nüfuz etməlidir. Mədəniyyətlə başladığımız yolu daha geniş üfüqdə davam etdirməliyik.
   
   Mehparə Sultanova
   Ankara