Yanvarın 7-də ABŞ-ın Los-Anceles şəhərində kino sahəsində “Oskar”dan sonra ikinci nüfuzlu müsabiqə sayılan 75-ci "Qızıl qlobus" mükafatının təqdimolunma mərasimi keçirilib. Hollivud tərəfindən 1944-cü ildən etibarən təqdim edilən kino mükafatı 25 kateqoriyada sahiblərini tapıb.
   “Ən yaxşı dramatik film” üzrə mükafatı Martin Makdonaxın "Ebbinq, Missura sərhədində 3 bilbord" filmi qazanıb. Həmin film eyni zamanda ən yaxşı ssenari üzrə mükafata layiq görülüb. “Ən yaxşı rejissor” nominasiyasında “Qızıl qlobus”u Gilyermodel Toro (“Suyun forması” filmi) əldə edib. 
   Türk əsilli almaniyalı rejissor Fatih Akının “İn The Fade” (“Paramparça”) filmi “Əcnəbi dildə ən yaxşı film" nominasiyasında qalib olub. Almaniya və Fransanın birgə istehsalı olan filmdə baş rolu Diane Kruger ifa edib. O, filmdəki ifasına görə ötən il Kann festivalında “Ən yaxşı aktrisa” mükafatını qazanıb.
   Qori Oldman “Qaranlıq zamanlar”, Frensis Makdormand “Ebbinq, Missura sərhədində 3 bilbord" filmlərinə görə “Ən yaxşı aktyor” nominasiyasında qalib olublar. "Ledi Berd" filmi "Ən yaxşı komediya filmi", "Ən böyük balaca yalan" ekran əsəri isə "Ən yaxşı mini-serial" kimi qiymətləndirilib. 2017-ci ilin ən yaxşı animasiya filmi “Kokonun sehri” seçilib.
   Ən yaxşı komediya və ya müzikl kimi qalib olan “Qəribə missis Meyzel”də rol almış Reyçel Brosnaxen də “Ən yaxşı qadın rolu” nominasiyasında mükafatlandırılıb.
   Mini-serial və ya telefilmlərdə ən yaxşı kişi rolu üzrə mükafatı Yuen MakQreqor (“Farqo”), ən yaxşı qadın rolu üzrə isə Nikol Kidman (“Ən böyük balaca yalan”) alıb.
   İkinci dərəcəli ən yaxşı kişi və qadın rolları üzrə Sem Rokuell (“Ebbinq, Missura sərhədində 3 bilbord”) və Ellison Cenni (“Tonya hamıya qarşı”) təltif edilib.
   
   İlona