Kaliforniya Universitetinin kitabxanası ilə anlaşma memorandumu imzalanıb
   
   Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov ABŞ-a səfər edib. Yanvarın 9-da Los Ancelesdəki Kaliforniya Universitetinin (University of California, Los Angeles - UCLA) kitabxanası ilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib. UCLA Kitabxanası Şimali Amerikanın 10 ən böyük akademik kitabxanasından biridir, burada 9 milyonadək kitab saxlanılır.
   Tədbirdə kitabxananın Yaxın Şərq və Mərkəzi Asiya üzrə əməkdaşı çıxış edərək Azərbaycana səfərləri və ölkəmizdə kitabxanaçılığın inkişafı barədə əldə etdiyi təəssüratını bölüşüb. O, Azərbaycan Milli Kitabxanası ilə UCLA Kitabxanası arasında əməkdaşlığın gələcəyinə böyük ümidlərlə yanaşdığını qeyd edib.
   Milli Kitabxananın direktoru, professor Kərim Tahirov əməkdaşlıq memorandumunun iki kitabxana arasında mütəmadi olaraq kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsinə imkan yaradacağını, oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracağını qeyd edib. Bildirib ki, memorandum həm Azərbaycan Milli Kitabxanasında, həm də UCLA Kitabxanasında hər iki ölkənin tarixinin, mədəniyyətinin öyrənilməsində və təbliğində əhəmiyyətli rol oynayacaq informasiya və elektron resurslar fondunun formalaşmasına imkan yaradacaq.
   Kərim Tahirov bu əlaqələrin yaradılmasında göstərdiyi dəstəyə görə Azərbaycanın Los Ancelesdəki baş konsulluğuna təşəkkürünü ifadə edib.
   Sonra çıxış edən UCLA Kitabxanasının direktoru Virciniya Stil (Virginia Steel) Azərbaycan Milli Kitabxanası ilə tərəfdaşlığın qurulmasından məmnunluq hissi duyduğunu bildirib. O, kitabxanaların birgə həyata keçirəcəyi layihələr vasitəsilə bütün dünyada alim və tələbələrə hər iki ölkə haqqında biliklərin daha geniş və asan şəkildə çatdırılacağına əminliyini ifadə edib.
   Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə çıxış edərək UCLA Kitabxanasının Azərbaycan Milli Kitabxanasının ABŞ-da əməkdaşlığa başladığı ilk universitet kitabxanası olduğunu deyib, anlaşma memorandumunun imzalanmasının əhəmiyyətini vurğulayıb.
   Çıxışlardan sonra Azərbaycan Milli Kitabxanasının tarixi və fəaliyyətini əks etdirən qısa film nümayiş etdirilib. Sonra Kərim Tahirov və Virciniya Stil anlaşma memorandumunu imzalayıblar.
   K.Tahirov “Azərbaycan Milli Ensiklopediyası”nın nəşr olunmuş cildlərini, Milli Kitabxana haqqında fotoalbom və Azərbaycana dair digər kitabları UCLA Kitabxanasına təqdim edib.
   * * *
   Səfər çərçivəsində Milli Kitabxananın direktoru Kərim Tahirov Los Anceles şəhər kitabxanasının direktoru Con Szabo ilə görüşüb. Görüş zamanı iki kitabxana arasında əməkdaşlığın qurulması, birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.
   Los Anceles kitabxanaları şəbəkəsinin direktoru bu şəbəkəyə şəhər üzrə ümumi fondu 6 milyon kitab olan 73 kitabxananın daxil edildiyini söyləyib.
   Kərim Tahirov Los Anceles şəhər kitabxanasına “Azərbaycan Milli Ensiklopediyası”nın cildlərini, ölkəmizə dair digər kitabları hədiyyə edib. Con Szabo da öz növbəsində rəhbərlik etdiyi kitabxana haqqında nəşri Milli Kitabxananın direktoruna təqdim edib.
   Kərim Tahirov Los Anceles kitabxanasının direktorunu Bakıda keçirilən ənənəvi beynəlxalq kitab sərgi-yarmarkasına dəvət edib.