20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar yanvarın 15-dən 19-dək Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlər nümayiş olunacaq. Filmlərin nümayişi Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə idarənin tabeliyində olan mədəniyyət müəssisələrində keçiriləcək. 
   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən bildiriblər ki, nümayiş proqramına “Vətən əsgəri”, “23 dəqiqə”, “Laçın qatarı”, “Şərəfli ömrün manifesti”, “Azadlığa gedən yol”, “Vətən sevgisi”, “Vətənə bağışlanan ömür”, “Ürəklərdə yaşayan qəhrəman”, “Qartaltək Vətənin keşiyində”, “Vətənə etibarlı oğul”, “Mübarizlik zirvəsi”, “Pəhləvan komandir”, “Şuşalı şəhid”, “Cavanşir”, “Sonuncu uçuş”, “Vətən sağ olsun” və digər filmlər daxildir.
   Ekran əsərləri Milli Qəhrəmanlar Elman Hüseynov, Salatın Əsgərova, Oqtay Güləliyev, Pəhləvan Fərzəliyev, Nadir Əliyev, Yusif Əliyev, Eldar Məcidov, Fəxrəddin Musayev, Etibar İsmayılov, Allahverdi Bağırov, Ənvər Fərəcov, Mübariz İbrahimov, Muxtar Qasımov, Əliyar Əliyev, Ramiz Qəmbərov, Cavanşir Rəhimov, Yavər Əliyev və Aqil Quliyevə həsr olunub.
   Lalə