Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu olan “İRS” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş xüsusi nömrəsi fransız dilində nəşr edilib.
   Jurnalın bu nömrəsində baş redaktor Musa Mərcanlının Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ön sözü, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin “Azərbaycan-Fransa tərəfdaşlığı: yeni mərhələ üçün yeni məqsədlər” adlı məqaləsi dərc olunub.
   Xalq Cümhuriyyətinin maliyyə naziri olmuş Əbdüləli bəy Əmircanovun nəvəsi Alev Ebuziyya-Siesbye jurnala müsahibəsində bolşeviklərin hakimiyyətə gəlişindən sonra babasının Türkiyəyə getməsindən, pərən-pərən düşmüş ailə üzvlərinin çəkdiyi əziyyətlərdən danışıb.
   Nəşrdə Cümhuriyyətin tanıdılması ilə bağlı Paris Sülh Konfransında iştirak etmiş həmvətənlərimizdən də söz açılıb.
   “İRS”in xüsusi nömrəsində fransızdilli oxuculara Azərbaycanın tarixi, coğrafiyası, Xalq Cümhuriyyəti, Dağlıq Qarabağ münaqişəsi, Qarabağ atları, ölkəmizin multikultural məkan olması haqqında geniş məlumat verilir.