Dünya ölkələrinin mədəniyyətlərindən yazan “The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb. Məqalələrdə ölkəmizin görməli yerləri və turizm potensialı barədə ətraflı məlumat verilib.
   Müəllif Sam Bedford təqdim etdiyi reportajlarında Azərbaycanın təbiəti, paytaxt Bakının simvolu olan Qız qalası, “Alov qüllələri” kompleksi, Atəşgah məbədi barədə ətraflı söz açır. O, Azərbaycanda turistlərin diqqətini cəlb edə biləcək kifayət qədər gözəl məkanların olduğunu vurğulayır.
   "Azərbaycana gəlmək üçün 11 səbəb" adlı məqalədə Bakının tarixi yerləri, qədim tikililəri və müasir binaları haqqında məlumatlar yer alıb. Müəllif Bakının indiyədək gördüyü ən təmiz şəhərlərdən biri olduğunu vurğulayır: “Bakı bulvarı bir neçə kilometr uzanır. “Ağ şəhər”dən başlayaraq “Alov qüllələri”nədək istiqamətdə alış-veriş mərkəzləri, kafe və restoranlar yerləşir. Digər paytaxt şəhərlərlə müqayisədə Bakı təhlükəsiz məkandır. Burada gecələr də rahat gəzib istirahət etmək mümkündür”.
   Müəllifin “Azərbaycanda 24 saatı necə keçirmək olar”, “Azərbaycana 2 həftəlik səyahət marşrutu”, “Azərbaycana ən yaxşı turlar”, “Bakıda 20 görməli yer”, “5 ən yaxşı çimərlik” başlıqlı yazılarında qədim İçərişəhər, Şirvanşahlar sarayı, Azərbaycan Xalça Muzeyi, Nizami küçəsi, Bakı Venesiyası və digər məkanlardan söz açılır. Sam Bedford bu məkanları dünyanın bir çox məşhur yerləri ilə müqayisə edir. Müəllif Şəki, Gəncə, Quba, Lənkəran, Şamaxı, Qəbələ və Qazax haqqında da turizm həvəskarlarına məlumat verir, “ASAN Viza” sisteminin tətbiqindən bəhs edir.
   Müəllif “Azərbaycanda turistlərə lazım olacaq 21 ifadə” yazısında ölkədə rus dilinin ikinci ən çox işlənən dil olduğunu bildirir. O, “salam”, “bəli”, “xeyr”, “buyur”, “sağ”, “sol”, “hələlik” də daxil olmaqla 21 ifadənin ingiliscə qarşılığını göstərərək səyahətə gələnlərin bu sözləri diqqətlə öyrənmələrini tövsiyə edir.
   Sam Bedford, həmçinin Azərbaycan musiqisi, tanınmış estrada və pop ifaçıları barədə məlumat verir. 2011-ci ildə keçirilən “Eurovision” mahnı müsabiqəsindən sonra Azərbaycanın daha çox məşhurlaşdığını bildirən müəllif muğamlarımıza və meyxana janrına da diqqət çəkir.