AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” “Elm” nəşriyyatında çapdan çıxıb.
   Kitab Prezident İlham Əliyevin “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 19 noyabr tarixli sərəncamına uyğun olaraq nəşr edilib.
   Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə nəşr edilən kitabda XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Ceyhun Hacıbəylinin (1891-1962) mühacirət illərində qələmə aldığı bədii-publisistik əsərlər və elmi araşdırmalar yer alıb. Kitabın məsul redaktoru filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı, tərtibçisi, “Ön söz” və qeydlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirlidir.
   Qeyd edək ki, “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” zəngin mühacirət irsimizin təqdimi və təbliği baxımından Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun atdığı mühüm addımlardan biridir.