25 ilə yaxındır ki, fəaliyyət göstərən Türk-Yapon Fondu Mədəniyyət Mərkəzi təkcə Türkiyə ilə Yaponiya arasında deyil, eyni zamanda Azərbaycan da daxil olmaqla türkdilli ölkələr və Yaponiya arasında mədəniyyət, incəsənət və başqa sahələrdə əlaqələrin qurulmasında mühüm rol oynamağa çalışır. Mərkəz ənənəvi yapon memarlığı üslubunda tikilmiş və dekorasiya olunmuş binada yerləşir. Bu məkan həm də Ankarada yaşayan, çalışan və təhsil alan müxtəlif türk xalqları təmsilçilərinin tez-tez üz tutduqları ünvandır. Fondun qurucusu və rəhbəri Türkiyənin keçmiş millət vəkili, professor Cəfər Təyyar Sadıklardır. 
   
   - Cəfər bəy, öncə bu fondun tarixçəsindən bəhs etməyinizi istərdik...
   - Bunun maraqlı bir tarixçəsi var. Hələ gömrük naziri olduğum vaxtlarda uzun müddət Türkiyədəki yapon qurumları ilə çalışmışam. Sonra 4 il (1966-70) Türkiyənin Yaponiyadakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir işlədim. Bu müddətdə ailəliklə Yaponiyanı çox sevdik. Vətənə geri döndükdən sonra da Yaponiya ilə əlaqələrim kəsilmədi. Hətta yaponlarla bağlı bir neçə kitab belə yazdım. Yaponiya ilə bağlı ortaya bir məsələ çıxırdısa, hökumət mənim rəy verməyimi istəyirdi. Müxtəlif layihələrlə əlaqədar olaraq bu ölkəyə gedib-gəlirdim. Baş nazir Süleyman Dəmirəl bir neçə dəfə Yaponiyaya səfər heyətində mənə də yer verdi. Bir dəfə belə səfərlərdən birindən geri döndükdən sonra o, məni yanına çağırdı və dedi ki, Yaponiya ilə əlaqəsi olan insanlar ilə bir araya gəlib fond quraq. Beləliklə, 1993-cü ildə Türk-Yapon Fondu Mədəniyyət Mərkəzi quruldu. Yapon memarlığına uyğun bu binanın açılışı isə 1998-ci ildə oldu. Açılışda Prezident Süleyman Dəmirəl və Yaponiya şahzadəsi iştirak etmişdi. 
   
   - Mərkəzin qurulmasının Türkiyə, Türk dünyası üçün önəmi nə oldu?
   - Bu, Türk dünyası ilə Yaponiya arasında mədəni əlaqələri quran və inkişaf etdirən bir mərkəz oldu. Məsələn, yapon dili öyrədən bölümümüz var ki, orada, Ankarada yaşayan azərbaycanlılar da daxil olmaqla, türkdilli xalqların nümayəndələri dərs alır. Öz növbəsində biz də yaponlara türk dilini öyrədirik. Türkiyədə Yaponiya ilə bağlı olan bütün mədəniyyət, təhsil qurumları bu ölkəylə əlaqələrini bizim fond vasitəsilə həyata keçirir. Bu yaxınlarda mərkəzdə yapon dilinin öyrədilməsi və araşdırılması üzrə institut fəaliyyətə başladı. Bundan başqa, Türkiyədəki müxtəlif universitetlərdə yapon dili kafedraları da var ki, onlar da bizimlə işbirliyi çərçivəsində çalışırlar. Burda tez-tez sərgilər keçiririk, Yaponiya üzrə mütəxəssislərin panellərini təşkil edirik. Onu da deyim ki, Türk-Yapon Fondu Mədəniyyət Mərkəzi hazırda Yaponiyadakı türklərlə bağlı Qərb mətbuatından gələn neqativ məlumatları aradan qaldırmaq baxımından da son dərəcə önəmli bir təsirə malikdir. 
   
   - Bu panellərə, sərgilərə, eləcə də dil kurslarına maraq necədir?
   - Elm və mədəniyyət layihələrimiz böyük maraq cəlb edir. Məsələn, Yaponiyanın əsas mədəniyyət nümunələrindən olan ikebana - ənənəvi yapon gül düzümü sənəti bütün dünyada məşhurdur. Yapon dilində ikeru (yaşatmaq) və bana (gül) sözlərindən əmələ gələn bu ifadəni “canlı güllər”, “güllərə həyat verən” kimi tərcümə etmək olar. Bundan başqa, Bonzay mədəniyyəti, yapon kalliqrafiyası və s. bunlarla bağlı keçirdiyimiz sərgilərdə xeyli sayda ziyarətçi görmək olur. Yapon musiqisi ilə türk musiqisi çox oxşardır və keçirdiyimiz konsertlərə xüsusi tamaşaçı marağı görürük.
   
   - Türk-Yapon Fondu Mədəniyyət Mərkəzinin türkdilli ölkələrlə əməkdaşlığı barədə nə deyərdiniz? 
   - Türk respublikaları müstəqillik əldə etdikdən sonra Türkiyə onlarla əlaqələrini inkişaf etdirdi. Bu işə ilk dəstək verənlərdən biri bizim fond oldu. 1993-cü ildə fondun dəstəyi ilə Yaponiya ilə əməkdaşlıq edən türk iş adamlarının qurduğu Türk Yapon İş Şurasının üzvləri bir araya gəlib Azərbaycan daxil olmaqla türkdilli ölkələrə heyət səfəri etdi. Bu əməkdaşlığı yenidən həyata keçirmək istəyirik. Məsələn, çox istərdik ki, fondumuzun Azərbaycanda təmsilçiliyi olsun. Azərbaycanın Yaponiya ilə əlaqələrinə biz də töhfə vermək istərdik. Nəticədə iki qardaş ölkənin birlikdə Yaponiya ilə əməkdaşlığı daha da möhkəmlənər. 
   
   Mehparə Sultanova
   Ankara