Azərbaycan
    
   13 yanvar 1897 - Dövlət xadimi, publisist, alim Ruhulla Əli oğlu Axundov (1897 - 21.4.1938) Bakının Şüvəlan kəndində doğulub. Tarix, incəsənət, ədəbiyyata dair əsərlərin müəllifidir, ikicildlik rusca-Azərbaycanca lüğətin redaktoru olub. Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926) işləyib. 
   13 yanvar 1909 - Tanınmış tarzən, xanəndə Şirulla İmanov (1909 - 4.2.1976) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub, M.Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarında vokal və tar ifaçısı kimi çıxış edib.
   13 yanvar 1945 - Əməkdar incəsənət xadimi, televiziya rejissoru Məhərrəm Əlisəftər oğlu Bədirzadə anadan olub.
   13 yanvar 1951 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Cahangir Yaqub oğlu Mehdiyev Bakıda anadan olub. Quruluş verdiyi filmlər: “Evlənmək istəyirəm”, “Kişi sözü” və s.
   13 yanvar 2003 - Xalq artisti Mirzə Əbdülcabbar oğlu Babayev (16.7.1913 - 2003) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Müğənnilik fəaliyyəti ilə yanaşı, filmlərdə (“Telefonçu qız”, “Qaraca qız”, “Dəli Kür”, “Dərviş Parisi partladır” və s.) maraqlı obrazlar yaradıb. 
   
   14 yanvar 1923 - Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (1923 - 2.8.1980) Bakıda anadan olub. Gənc Tamaşaçılar, Rus Dram, Musiqili Komediya teatrlarında tamaşalar hazırlayıb. 1964-cü ildən Akademik Milli Dram Teatrının baş rejissoru olub. “Antoni və Kleopatra” (U.Şekspir, 1965), “Şəhərin yay günləri” (Anar, 1979) əsərlərinin tamaşalarına görə Dövlət mükafatına layiq görülüb.
   14 yanvar 1952 - Məşhur şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 25.3.1907 - 1952) Türkiyənin Elazığ şəhərində dünyasını dəyişib. İstiqlal və millətçilik ruhlu şeirlərinə görə 1930-cu ildə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilib. 1933-cü ildə İrana, oradan Türkiyəyə mühacirət edib. 
   14 yanvar 1999 - Xalq artisti, teatr və kino aktrisası Barat Həbib qızı Şəkinskaya (28.6.1914, Şuşa - 1999) vəfat edib. 1935-ci ildən Akademik Dram Teatrında çalışıb. “Görüş” (Şövkət), “O olmasın, bu olsun” (Sənəm), “Onun bəlalı sevgisi” (Nənə) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
   
   15 yanvar 1914 - Yazıçı Ənvər Yusif oğlu Qasımov (1914-1989) Yevlax rayonunda anadan olub. Əsərləri: "Düşmənimin düşməni", "Cərrahlar" (roman), “Hamballar" (povest) və s.
   15 yanvar 1936 - Yazıçı-publisist, tərcüməçi Vaqif Musa (Vaqif Məmmədyusif oğlu Musayev; 1936-1997) Quba rayonunun Rustov kəndində anadan olub. “Səhər mehi”, “Ömrün də yazı varmış” və s. kitabların müəllifidir.
   15 yanvar 1940 - Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, kinoşünas Aydın Ələsgər oğlu Kazımzadə anadan olub. Azərbaycan kinosunun tarixinə dair tədqiqatların, bir çox kitabların, “Azərbaycan kino ensiklopediyası”nın müəllifidir.
   
   16 yanvar 1944 - Tanınmış ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Mirsaleh oğlu Məmmədov (1944 - 20.4.1991) Şəki rayonunun Kiş kəndində doğulub. Ali Sovetin deputatı olub. 1991-ci ilin aprelində deputat həmkarı Dilarə Əliyeva ilə birlikdə Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.
   16 yanvar 1905 - Yazıçı Üm-əl-Banin (Ümmülbanu Mirzə qızı Əsədullayeva; 1905-1994) anadan olub. Məşhur neft milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsidir. Azərbaycanın sovetləşməsindən sonra ailəsi ilə Fransaya mühacirət edib, fransız dilində yazıb: “Qafqaz günləri”, “Sonuncu ümidin çağırışı” və s.
   16 yanvar 1939 - Şair, nasir, tərcüməçi Vaqif Nəsib (Vaqif Hüseyn oğlu Nəsibov) Qazaxda anadan olub.
   
   Dünya
    
   13 yanvar 1931 - Rus yazıçısı, ssenarist və dramaturq Arkadi Aleksandroviç Vayner (1931 - 24.4.2005) anadan olub. Qardaşı Georgi Vaynerlə birgə detektiv əsərlərin müəllifidir: “Şaquli yarışlar”, “Minotavra ziyarət”, “Mərhəmət erası” (povest əsasında “Görüş yerini dəyişmək olmaz” telefilmi çəkilib) və s.
   13 yanvar 1937 - Gürcüstanın və Rusiyanın Xalq artisti Ariadna Vsevolodovna Şengelaya (Şprink) anadan olub. “Azərbaycanfilm”də “Romeo mənim qonşumdur” filmində (Nona) çəkilib.
   
   14 yanvar 1818 - Fin yazıçısı və şairi Zaxarias Topelius (1818-1898) anadan olub. “Ulduzların uşaqları” və s. romanların müəllifidir.
   14 yanvar 1827 - Rus etnoqrafı və coğrafiyaşünası, incəsənət tarixçisi Pyotr Semyonov Tyan-Şanski (1827-1914) anadan olub.
   14 yanvar 1895 - Başqırd klassik ədəbiyyatının banilərindən biri, şair Şeyxzadə Məhəmmədzakiroviç Babiç (1895-1919) anadan olub.
   14 yanvar 1911 - Rus yazıçısı Anatoli Naumoviç Rıbakov (1911-1998) anadan olub. “Arbat uşaqları”, “Kortik”, “Tunc quş”, “Ağır qum” və s. romanların müəllifidir. 
   14 yanvar 1925 - Yapon yazıçı-dramaturqu Yokio Misi (əsl adı Kimitake Hiraoka; 1925-1970) anadan olub. Əsərləri: “Qızıl məbəd”, “Maskanın etirafı”, “Bahar qarı”. 
   
   15 yanvar 1795 - Rus şairi, dramaturq, diplomat Aleksandr Sergeyeviç Qriboyedov (1795 - 11.2.1829) anadan olub. “Ağıldan bəla” komediyasının müəllifidir. Azərbaycanın Rusiya və İran tərəfindən bölüşdürülməsinə dair Türkmənçay müqaviləsindən sonra (1828) Tehranda Rusiyanın səfiri olub, orada qətlə yetirilib.
   15 yanvar 1622 - Fransız dramaturqu Jan-Batist Molyer (Jean Baptiste Poquelin, dit Moliere; 1622 - 17.2.1673) anadan olub. Avropa ədəbiyyatında klassik komediya janrının banisi sayılır. Əsərləri: “Tartüf”, “Psixeya”, “Don-Juan”, “Zorən təbib”, “Xəsis” və s.
   15 yanvar 1850 - Rumın ədəbiyyatının klassiki, şair Mixay Eminesku (Mihai Eminescu; 1850 - 15.6.1889) anadan olub.
   15 yanvar 1871 - Ukrayna şərqşünası, yazıçı, akademik Aqafangel Yefimoviç Krımski (1871-1942) anadan olub.
   15 yanvar 1891 - Yəhudi əsilli rus şairi, ədəbiyyatşünas Osip (İosif) Mandelştam (1891-1938) anadan olub.
   15 yanvar 1902 - Türk şairi, dramaturq Nazim Hikmət (1902 - 3.6.1963) anadan olub. Kommunist olduğuna görə Türkiyədə məhkum olunub, 1951-ci ildə SSRİ-yə mühacirət edib, ömrünün axırınadək SSRİ-də yaşayıb. Moskvada dəfn olunub. Şairin "Məhəbbət əfsanəsi" pyesinin motivləri əsasında bəstəkar A.Məlikov balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, "Bir məhəlləli iki nəfər" ("Azərbaycanfilm"), "Məhəbbətim, kədərim mənim" ("Mosfilm") filmləri çəkilib.
   
   16 yanvar 1675 - Fransız memuar yazıçısı Lui de Ruvrua Sen Simon (Louis de Rouvroy, duc de Saint-Simon, 1675-1775) anadan olub.
   16 yanvar 1749 - İtalyan şairi və dramaturqu Vittorio Alfieri (1749-1803) anadan olub. Əsərləri: “Kleopatra”, “Orest”, “Aqamemnon”, “Mariya Stüart” və s.
   16 yanvar 1934 - Rus aktyoru, SSRİ Xalq artisti Vasili Lanovoy anadan olub. Filmləri: “Pavel Korçagin”, “Baharın on yeddi anı”, “Qara kvadrat” və s.
   
   Hazırladı: Vüqar Orxan