Pekində Çin Türk Dilləri Assosiasiyasının 13-cü illik elmi konfransı keçirilib. “Türk dilləri üzrə tədqiqatlar və “Bir kəmər, bir yol” ölkələrində dillərin vəziyyəti” mövzusunda konfransda türk dilləri üzrə ən son tədqiqatlara dair məruzələr dinlənilib, müzakirələr aparılıb.
   Çinin 10-dan çox ali təhsil ocağından və tədqiqat institutundan alimlərin qatıldığı konfransda yeganə əcnəbi mütəxəssis, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev “Dövlət dilinin qorunması və dil qanunvericiliyi - Azərbaycan müstəqillik əldə etdikdən sonra dil siyasətinin əsas istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycan dilinin tarixi haqqında qısa məlumat verib, müasir Azərbaycan dilinin vəziyyəti, dövlət dili statusu, ölkəmizdə dil siyasətinin müxtəlif dövrləri barədə danışıb.
   Alim məruzəsində Azərbaycan dilini özünə ana dili hesab edənlərin sayı, tədris dili kimi xüsusiyyətləri, tarixən Azərbaycanda dil siyasətinə aid sənədlərin statistikası, müstəqil Azərbaycan Respublikasında dil siyasəti haqqında imzalanmış sərəncamlar və qanunlar, xalqımızın dilini qorumaq yolunda göstərdiyi mübarizənin tarixi barədə məlumat verib.
   Məruzəçi Azərbaycan sözünün etimologiyası, latın qrafikalı əlifbaya keçidin səbəbləri, ölkəmizdə azsaylı xalqların dillərinin qorunmasına dair dövlət siyasəti və digər mövzulara dair auditoriyanın suallarını cavablandırıb.