Yanvarın 18-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Qarabağ. Əsrlərin salnaməsi” kitabının təqdimat mərasimi keçiriləcək.
   Kitab Mədəniyyət və Turizm Nazirliyinin, “PAŞA Həyat Sığorta” ASC-nin və “Silkway Group” şirkətinin dəstəyi ilə “İRS Publishing House” nəşriyyatında Azərbaycan, ingilis və rus dillərində işıq üzü görüb. Kitabda Qarabağın tarixi - Azıx mağarasında qədim insanların məskunlaşdığı zamanlardan günümüzədək davam edən uzun bir dövr əhatə olunub.
   Əsaslı faktlarla zəngin bu nəşrdə Qarabağın qədim irsi, sakinlərinin məişət və həyat tərzi, inanc və adətləri, bayram və ayinləri, musiqiyə sevgisi, incəsənəti, sənətkarlığı təqdim edilib, bu torpağın tarixən Azərbaycana məxsusluğu haqqında geniş məlumat verilib. Kitabda ölkə muzeyləri ilə yanaşı, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan eksponatların fotolarından da istifadə edilib.