İnternet səhifəsi istifadəyə verilib
   
   Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi (www.imp.nakhchivan.az) yaradılıb.   
   Azərbaycan və ingilis dillərində hazırlanan internet səhifəsi 8 əsas və 27 alt bölmədən ibarətdir. 
   “Naxçıvan haqqında” bölməsində muxtar respublikanın tarixi, fauna və florası, inzibati ərazi bölgüsü, nəqliyyat infrastrukturu, inzibati binaları, konsert-tamaşa, təhsil müəssisələri və digər sahələr haqqında məlumatlar verilib.
   “Mədəniyyət” bölməsində 12 alt bölmə var. Burada “Naxçıvan milli geyimləri” və “Naxçıvan mətbəxi” elektron kitablarına keçidlər verilib. Saytda muxtar respublikada fəaliyyət göstərən muzeylər, teatrlar və kitabxanalar haqqında da ətraflı məlumatlar almaq mümkündür.
   “Turizm” bölməsində muxtar respublikanın turizm potensialı, yerləşdirmə obyektləri haqqında ətraflı məlumat verilib, ünvan və əlaqə vasitələri qeyd olunub.
   Saytda muxtar respublikanın tarix-mədəniyyət abidələri, turizm imkanları, parkları, mehmanxanaları, müasir infrastrukturu haqqında foto və videomateriallar da yerləşdirilib.
   Naxçıvanın 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” olması ilə bağlı il ərzində keçirilən tədbirlər, görülmüş işlər və yeniliklər saytda əksini tapacaq.
   Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş VI konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunub. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin 2016-cı il noyabrın 25-də keçirilən iclasında Tədbirlər planı təsdiqlənib və icrasına başlanılıb.