Fevralın 14-də Rusiya Federasiyası Başqırdıstan Dövlət Opera və Balet Teatrında görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin növbəti nümayişi olacaq. Səhnə əsərinin quruluşçu dirijoru Başqırdıstanın Əməkdar incəsənət xadimi German Kimdir.
   Bəstəkarın türk şairi Nazim Hikmətin pyesi əsasında yazdığı balet 1961-ci ildən dünya səhnələrini bəzəyir. İndiyədək 60-dan çox teatrda baletin premyeraları keçirilib. Musiqisi, parlaq xoreoqrafiyası əsəri balet sənətinin daim arzulanan repertuar örnəklərindən birinə çevirib. “Məhəbbət əfsanəsi” baletinin Başqırdıstan teatrında premyerası 2017-ci ilin yanvarında keçirilib.