Yanvarın 12-də Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın “Leyli və Məcnun” operasının tamaşaya qoyulmasının 110 illiyinə həsr olunmuş tədbir keçirildi.
   Tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov açaraq milli musiqi tariximizdə silinməz izlər qoyan dahi sənətkarın zəngin yaradıcılığından bəhs etdi. Bildirdi ki, Üzeyir Hacıbəyli 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, müsəlman Şərqində opera sənətinin əsasını qoyub. İlk operamız olan “Leyli və Məcnun” xalq tərəfindən çox sevildi və 110 ildir ki, uğurlu səhnə həyatını yaşayır. Xalq musiqisindən bəhrələnərək bu möhtəşəm əsəri yaradanda Üzeyir bəy 22 yaşında idi. Öz musiqi dünyasında Məhəmməd Füzuli şeiriyyətinin səsini duyan gənc bəstəkar qəlbinin arzusu ilə bu əfsanəyə musiqili səhnə həyatı verib. Vurğulandı ki, Azərbaycan bəstəkarlıq sənəti bu opera ilə peşəkar inkişaf yoluna qədəm qoyub. Azərbaycanda yaranan ilk opera Qafqazda, Şərqdə şöhrət tapdıqca digər xalqların da musiqisinin inkişafına təsir edib. Bundan ruhlanan bəstəkar daha bir neçə mükəmməl opera və operetta yazıb. Həmin əsərlər milli bəstəkarlıq məktəbimizin inkişafına və zənginləşməsinə müstəsna töhfə olub. Bu isə Üzeyir bəyin, ümumilikdə Azərbaycan musiqisinin böyüklüyüdür.
   Tədbirdə dahi bəstəkarın əsərlərinin əksəriyyətinə səhnə quruluşu verən Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, “Leyli və Məcnun” operasının ikinci tamaşasından etibarən, milli səhnəmizdə azərbaycanlı xanım ifaçıların olmadığı illərdə Leyli rolunun ifaçısı olmuş Əhməd Ağdamskinin (Əhməd Bədəlbəyov) oğlu, professor Telman Ağdamski, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və başqaları çıxış etdilər. 
   Çıxışçılar bəstəkarın musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən danışdılar. Bildirdilər ki, bu opera ötən illər ərzində bir çox sənətkarların həyatından keçib və onlara sonsuz tamaşaçı sevgisi qazandırıb. Çıxışlarda “Leyli və Məcnun”un ilk tamaşasından başlayaraq uzun illər bu operada çıxış etmiş, adı mədəniyyət tariximizə ilk Məcnunumuz kimi düşmüş Hüseynqulu Sarabski də xatırlandı.
   Sonda Azərbaycan Milli Konservatoriyasının tələbələri Orxan Hüseynli və Gülnar Fərəcova bədii kompozisiya təqdim etdilər. 

Savalan Fərəcov