Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun rektoru, professor İbrahim Yuldaşev arasında keçirilən görüşdə bu barədə razılıq əldə olunub.
   Görüşdə Azərbaycanın ali təhsil müəssisələri ilə əlaqələrin yaradılmasına dair müzakirələr aparılıb. 
   İbrahim Yuldaşev rəhbərlik etdiyi ali məktəb, institutda fəaliyyət göstərən fakültələr barədə məlumat verib. O, bədii təhsil sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsinin onlar üçün maraqlı və faydalı olduğunu bildirib.
   Samir Abbasov Mədəniyyət mərkəzinin fəaliyyəti, həyata keçirilən layihələr haqqında danışıb, son zamanlar Azərbaycanla Özbəkistan arasında mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişaf etdiyini, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığa dair memorandumların imzalandığını vurğulayıb. 
   2018-ci ildə Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illiyinin qeyd olunmasına dair Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncamın imzalandığını bildirən direktor institutda yaradılacaq “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi”nə Azərbaycan tərəfindən müvafiq nəşrlərin, bədii və sənədli filmlərin, milli musiqimizə dair disklərin, foto və rəsmlərin hədiyyə olunacağını deyib.
   Söhbət zamanı institutun elmi jurnalında mədəniyyət, kitabxana-informasiya sahəsi üzrə azərbaycanlı mütəxəssislərin Azərbaycan və rus dillərində elmi məqalələrinin dərc olunması məsələsi də razılaşdırılıb. İnstitutda azərbaycanlı mütəxəssislər tərəfindən ustad dərslərinin təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri də müzakirə edilib.
   S.Abbasov bu ilin mart ayında institutda “Azərbaycan mədəniyyət günü”nün keçirilməsi təklifi ilə çıxış edib və təklif qəbul olunub.