Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov TÜRKSOY-un xüsusi medalı ilə təltif olunub.
   TÜRKSOY tərəfindən 2017-ci ilin Azərbaycanın böyük şairinin şərəfinə “Molla Pənah Vaqif ili” elan olunması ilə əlaqədar təşkilat tərəfindən bir sıra tədbirlər və layihələr həyata keçirilib. Həyata keçirilən layihələrdən biri Vaqifin şeirlərinin 12 dildə (Azərbaycan, türk, özbək, qazax, qırğız, türkmən, başqırd, tatar, habelə ingilis, italyan, rus və Ukrayna dilləri) toplu halında nəşridir. 
   Kitabda özbək dilində bölmənin hazırlanmasında AMM-in xüsusi dəstəyinə görə S.Abbasov bu mükafata layiq görülüb.
   Qeyd edək ki, AMM 2016-cı ildə TÜRKSOY-un layihəsi ilə “Bəxtiyar Vahabzadə türk dillərində” kitabının özbək dili versiyasının hazırlanmasına da dəstək vermişdi.