Niderlandın paytaxtı Amsterdamın məşhur “The Royal Industrieele Groote Club” klubunda Azərbaycanla bağlı geniş təqdimat keçirilib.
   Hər il bir ölkəyə səfər edərək, onun mədəniyyətini yaxından tanımaq istəyən klub üzvləri bu il Azərbaycanı seçiblər. Bu münasibətlə klubda keçirilən Yeni il tədbiri çərçivəsində ölkəmizlə bağlı geniş təqdimat təşkil olunub.
   Təqdimat Holland-Azərbaycan Dostları Cəmiyyətinin (DufoA) direktoru Leyla Babayevanın rəhbərliyi ilə hazırlanıb. Azərbaycanın xəritəsi nümayiş olunan zalda tariximiz, mədəniyyətimizə dair kitablar, broşürlər, eləcə də xalça, milli geyimlərdən ibarət sərgi klub üzvlərinə ölkəmizlə ilkin tanışlığa imkan yaradıb.
   Təbrizdən olan azərbaycanlı opera müğənnisi Reza Ranyazmayın ifa etdiyi Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısı tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. “Karavan kultur” ART agentliyinin təsisçisi Elena Xaritonova ölkəmiz haqqında geniş məlumat verib.
   Qeyd edək ki, Niderland kral ailəsinin də tez-tez gəldiyi “The Royal Industrieele Groote Club”da hər il yanvarın 13-də köhnə Yeni ilin bayram edilməsi ənənəyə çevrilib. Bu bayram tədbirində Niderland hökumətinin və bu ölkədə akkreditasiya olmuş diplomatik korpusun üzvlərindən, yerli və xarici iş adamlarından, incəsənət xadimlərindən ibarət 300-dən çox klub üzvü iştirak edib.