Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilir.
   Layihənin məqsədi intellektual oyunlar və yarışlar vasitəsilə turistlər üçün yeni turistik xidmətlərin təklif edilməsi, bunun üçün tələb olunan bələdçilərin (animatorların) hazırlanması və onlara müvafiq təlimin keçilməsidir.
   Masaüstü intellektual oyunlar - iki və daha artıq, əsasən isə qrup şəklində təşkil olunan oyunlardır. Bu oyunlarda iştirakçılar öz intellekt və bacarıqlarını nümayiş etdirir, düzgün qərarlar qəbul edərək qalib olurlar. Layihə üzrə hazırlanan animatorlar intellektual oyunlar və müsabiqələr təşkil etməklə şəhərimizin qonaqları arasında xoş münasibətlərin qurulmasına və ünsiyyətin yaradılmasına çalışacaqlar.
   İntellektual oyunların təşkili üzrə bələdçi-animatorların hazırlanması məqsədilə yanvar ayında 25 gəncin iştirakı ilə 4 günlük təlim kursu keçirilib. Təlim prosesində iştirakçılar bir neçə modul üzrə biliklərə və praktiki bacarıqlara yiyələniblər. Gənclərə masaüstü oyunları populyar edən amillər, oyunçuların bir araya gəlməsinə səbəb olan faktorlar, intellektual oyunların beynəlxalq standartları, marketinqi, dizaynı, oyunların qaydalarının izah edilməsi və s. məsələlərə dair praktiki biliklər öyrədilib. Təlim kursunun davamı olaraq, gənclərin iştirakı ilə 15 masaüstü oyun növü üzrə nümunəvi oyunlar təşkil olunub.
   Layihənin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.