Yanvarın 15-də Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin - “ASAN Xidmət”in fəaliyyətə başlamasının 5 ili tamam oldu.
   Ötən müddət ərzində vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən “ASAN Xidmət” əhalinin rəğbətini qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır, təcrübəsi öyrənilir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaşların məişət sahəsində qarşılaşdıqları məsələlərin həlli, ölkəmizdə turizm sektorunun, kiçik sahibkarlığın inkişafı və digər istiqamətlərdə uğurlu fəaliyyəti ilə diqqəti cəlb edir.
   Agentliyin tabeliyində olan “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs ölkə başçısının 2016-cı il 23 sentyabr tarixli fərmanı ilə yaradılıb. Ötən qısa müddətdə “ABAD” yerlərdə kiçik sahibkarlığın, o cümlədən el sənətkarlığının təşviqi ilə bağlı layihələrə dəstək olub.
   * * *
   İpəkçilik ənənələrinin qorunub saxlandığı Şəkidə kəlağayı sənəti bütün dövrlərdə yerli sakinlərin həyatında və məişətində özünəməxsus yer tutub. UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən bu sənət nəsildən-nəslə ötürülərək zəmanəmizə qədər gəlib çatıb.
   Şəkidə qədim kəlağayı sənətini yaşadan sənətkarlardan Əmiraslan Şamilov 10 aydır ki, “ABAD” ailəsinin üzvüdür. 48 ildir məşğul olduğu kəlağayıçılıq sənəti ona ulu babalarından keçib. Şəkili ustanın istehsal etdiyi kəlağayılar “Yuxarı Karvansaray” mehmanxana kompleksində yerləşən sənətkarlıq dükanlarından birində satışa çıxarılır. Xarici turistlər buta naxışı olan kəlağayıları həvəslə alırlar. 
   Kəlağayı ustası 2015-ci və 2016-cı illərdə Heydər Əliyev Fondunun Fransanın paytaxtı Parisdə təşkil etdiyi “Azərbaycan şəhərciyi” çərçivəsində keçirilən sərgilərdə də iştirak edib. Onun istehsal etdiyi zərif kəlağayı nümunələri sərginin ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb.
   Əmiraslan Şamilov deyir ki, indiyədək “ABAD”a 100-dən çox kəlağayı təqdim edib. Bu kəlağayılar İçərişəhərdə və “ABAD”ın sənətkarlıq mərkəzində satışa çıxarılıb. 
   * * *
   Xaçmazda bədii döymə sənəti ilə məşğul olan Zeydulla Ağayev də “ABAD” ailəsinə qoşulmaqla satış bazarını genişləndirmək və bu sənəti dünyaya tanıtmaq istəyir. Ustanın əl işləri Bakıda İçərişəhərdə fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılıb.
   O, 40 ildən çoxdur ki, sənətkarlığın bu növü ilə məşğuldur. Rayonun Mürşüdoba kəndində yaşayan Zeydulla Ağayevin uşaq yaşlarından rəsm çəkməyə böyük həvəsi olub. Buna görə də tətbiqi xalq sənətkarlığının bir çox sahələrini asanlıqla mənimsəyib, 17 yaşından bu işə başlayıb. Sənətkar il ərzində 10-12 bədii döymə nümunəsi yaradır. Bir sənət əsəri ölçü və mövzusundan asılı olaraq 2-3 gündən 1-2 aya qədər ərsəyə gəlir.
   Zeydulla Ağayev bildirir ki, əsərləri “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılandan sonra müştərilərinin sayı xeyli artıb. “40 il ərzində yığılıb qalan əl işlərim indi satılır. Alıcılar arasında çox sayda xarici ölkə vətəndaşları da var”, - deyə o bildirib.
   İxtisasca dil-ədəbiyyat müəllimi olduğu üçün əsərlərinin sırasında görkəmli ədiblərimizin portretləri üstünlük təşkil edir. Bununla yanaşı, milli atributlar və simvollar da onun müraciət etdiyi mövzulardır.