Azərbaycan
   
   17 yanvar 1921 - Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılış gecəsi keçirilib. Gecədə teatr binasının (indiki Musiqili Teatr) keçmiş sahibi Hacı Zeynalabdin Tağıyev də iştirak edib.
   17 yanvar 1926 - Tanınmış şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 1926 - 17.2.1991) Bakıda anadan olub. 1938-ci ildə ailəsi ilə Cənubi Azərbaycana köçüb, orada milli azadlıq hərəkatının (1941-1946) fəal iştirakçısı olub. 1947-ci ildə Bakıya gəlib. "Təbrizin baharı", "Xatirələrimin nəğməsi", "Dünyamızın sabahı" və s. kitabların müəllifidir.
   17 yanvar 1992 - Azərbaycan Ali Sovetinin Milli Şurası 20 Yanvarın “Şəhidlər günü” elan olunması haqqında qanun qəbul edib.
   
   18 yanvar 1915 - Tanınmış rəqqas, Xalq artisti Əlibaba Əbdül oğlu Abdullayev (1915 - 10.10.1980) anadan olub. Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupuna rəhbərlik edib. “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Ulduz”, “Dəli Kür” və s. filmlərdə rəqslərin quruluşçusu olub.
   18 yanvar 1925 - Tarixçi alim, pedaqoq Qasım Səfər oğlu Qasımov (1925 - 2.11.1991) anadan olub.
   18 yanvar 1927 - Xalq artisti, dirijor Kamal Cahanbaxış oğlu Abdullayev (1927 - 5.12.1997) anadan olub.
   18 yanvar 1941 - Kinorejissor, ssenarist, Xalq artisti Eldar Tofiq oğlu Quliyev anadan olub. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Gümüşgöl əfsanəsi”, “İstanbul reysi” və s. filmlərə quruluş verib. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
   18 yanvar 1947 - Xalq artisti, rəqqasə Afaq Süleyman qızı Məlikova anadan olub. Azərbaycan Dövlət Rəqs Ansamblının solisti, bədii rəhbəri olub. 
   18 yanvar 1983 - Yazıçı-dramaturq, publisist Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov, 27.8.1921 - 1983) vəfat edib. “Kirpi” jurnalının baş redaktoru olub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək” və s. pyeslərin müəllifidir.
   
   19 yanvar 1873 - Azərbaycanın ilk maarifçi qadınlarından Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşir (1873 - 6.2.1955) Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarındandır. Ömür-gün yoldaşı C.Məmmədquluzadənin bioqrafiyasını, M.Ə.Sabir haqqında xatirələrini yazıb, Azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə edib.
   19 yanvar 1923 - Əməkdar incəsənət xadimi, müasir Azərbaycan təsviri sənətinin banilərindən Cavad Mirhaşım oğlu Mircavadov (1923 - 24.6.1992) Bakıda anadan olub. Müasir forma axtarışlarında olan rəssam əsərlərində şifahi xalq ədəbiyyatı personajlarına geniş yer verib.
   
   Dünya
   
   17 yanvar 1706 - Amerika maarifçisi, filosof, ABŞ-ın qurucularından biri Bencamin Franklin (Benjamin Franklin, 1706-1790) Bostonda doğulub. Amerikada ilk kütləvi kitabxananın yaradıcısıdır.
   17 yanvar 1863 - Rus teatrşünası, rejissor, pedaqoq Konstantin Sergeyeviç Stanislavski (Alekseyev; 1863-1938) anadan olub. 
   17 yanvar 1933 - İtalyan əsilli Fransa müğənnisi Dalida (İolanda Kristina Cilotti - Yolanda Christina Gigliotti; 1933-1987) Misirdə doğulub. Fransız və ərəb dillərində populyar mahnılar oxuyub.
   
   18 yanvar 1689 - Fransız filosofu Şarl Lui de Monteskye (Charles-Louis de Secondat, Baron de La Brede et de Montesquieu; 1689-1755) anadan olub.
   18 yanvar 1882 - İngilis yazıçısı, uşaqlar üçün məşhur “Vinni Pux” əsərinin müəllifi Alan Aleksandr Miln (Alan Alexander Milne, 1882-1956) anadan olub.
   18 yanvar 1893 - Rusiya və Latviya bəstəkarı, populyar tanqo melodiyalarının müəllifi Oskar Davıdoviç Strok (1893-1975) anadan olub.
   18 yanvar 1955 - Amerika aktyoru və rejissoru Kevin Kostner (Kevin Michael Costner) anadan olub. Filmləri: “Çıxış yoxdur”, “Cangüdən”, “İdeal dünya”, “Canavarlarla rəqs” (ilk rejissor işi, “Oskar” - 1990) və s.
    
   19 yanvar 1809 - Amerika yazıçısı və şairi, ədəbiyyatşünas Edqar Po (Edgar Allan Poe; 1809-1849) anadan olub. Ədəbiyyatda detektiv-fantastik janrın yaradıcısı sayılır. Bir çox hekayə və novellaları (“Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qara pişik”, “Qarğa” və s.) əsasında filmlər çəkilib.
   19 yanvar 1839 - Fransız postimpressionist rəssamı Pol Sezan (Paul Cezanne, 1839-1906) anadan olub.
   19 yanvar 1848 - Alman bəstəkarı və musiqişünası Avqust Kreçmar (August Ferdinand Hermann Kretzschmar, 1848-1924) anadan olub.
   19 yanvar 1865 - Rus rəssamı, portret janrının ustası Valentin Serov (1865-1911) anadan olub. 
   
   Hazırladı: Vüqar Orxan