Şair o vaxt xatırlanır ki, qələmə aldıqları ideya-bədii cəhətdən maraqlı olur, oxucuların qəlbinə yol tapır. Nəğmələrə çevrilmiş gözəl şeirlər müəllifi Zeynal Cabbarzadənin yaradıcılığı uşaqdan böyüyə hər kəsin könlünü oxşayır. 
   Zeynal Əliabbas oğlu Cabbarzadə 1920-ci ilin dekabrında Bakıda dənizçi ailəsində dünyaya göz açıb. Erkən çağlardan poeziyaya maraq göstərib. 1937-41-ci illərdə indiki Azərbaycan Pedaqoji Universitetinin Ədəbiyyat fakültəsində təhsil alır. Məzun olduqdan sonra müxtəlif qəzet redaksiyalarında çalışır. Bir müddət Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində ədəbiyyat müəllimi işləyir. Ancaq pedaqoji fəaliyyəti uzun çəkmir. Böyük Vətən müharibəsinin qızğın çağında hərbi kurs keçdikdən sonra cəbhəyə gedir, kiçik leytenant rütbəsi ilə 416-cı diviziyada hərbi xidmət keçir. 1943-cü ildə ağır döyüşlərin birində yaralanır, eşitmə və görmə qabiliyyətini qismən itirir. 
   Zeynal Cabbarzadə cəbhədə də qələmini yerə qoymurdu. Yazdığı şeirlərini Yazıçılar İttifaqına göndərir. Xalq şairi Səməd Vurğun bu şeirləri “Ədəbiyyat” qəzetində dərc etdirir. Özünü isə Yazıçılar Birliyinə üzv qəbul edirlər. Z.Cabbarzadə sağaldıqdan sonra “Ədəbiyyat” qəzetində məsul katib və redaktor olur. Uzun illər “Pioner” jurnalının baş redaktoru işləyir. 1946-cı ildə onun cəbhə xatirələrinin yer aldığı “Xaniman” adlı ilk kitabı işıq üzü görür. Ümumiyyətlə, sağlığında Z.Cabbarzadənin 13 kitabı nəşr olunub.
   Şairin şeirlərinə gözəl mahnılar bəstələnib. Bir çox bədii filmlərimizdə onun sözlərinə yazılan mahnılar səslənir. “Onu bağışlamaq olarmı?”, “Koroğlu”, “Ögey ana” kimi filmlərdə səsləndirilən mahnılar bu gün də sevilir, rəğbətlə qarşılanır. Hər dəfə “Ögey ana” filminə baxanda “İsmayılın mahnısı” kimi tanınan nəğmənin sədaları adamda xoş duyğular oyadır. Göz önündə yurdumuzun ürəkaçan rəngarəng təbiət mənzərələri canlanır:
   Quşlar, quşlar nə gözəl oxuyur,
   Bəh, bəh, bəh, bəh,
   Nə gözəl qoxuyur...
   Z.Cabbarzadə daim Azərbaycanı tərənnüm edən, onun dağına, çayına və zəhmətkeş insanlarına şeir qoşaraq həqiqi mənada nəğməkar şair olub:
   Əsiri olmadım şöhrətin, şanın,
   Demədim məndədir ağlı dünyanın.
   Vətənim - bu gözəl Azərbaycanın
   Nəğməkarı olub yorulmamışam.
   Təsadüfi deyil ki, Xalq şairi Rəsul Rza Z.Cabbarzadənin “nəğmə yazan şairlər” arasında birincilərdən olduğunu bildirir. O, şairin bir kitabına ön sözdə yazır: “Zeynalın elə şeirləri vardır ki, fikri, ifadə tərzi, obraz silsiləsi etibarilə təzə deyil, lakin olduqca sadə, səmimi, ürəyəyatandır... Bu şairin şeirlərində ifadə olunan hiss, fikir bizə tanışdır. Lakin Zeynal qələmi özünəməxsus elə bir intonasiya yaradır ki, onun şeirləri adilik və ümumilik qəlibindən çıxır”.
   Z.Cabbarzadənin onlarca bir-birindən maraqlı əsərləri neçə-neçə müğənninin repertuarında geniş yer tutub, ifaçıların formalaşmasında rol oynayıb. Şairin elə nəğmələri də var ki, onlar xeyli vaxt xalq mahnısı kimi tanınıb. Çox sonralar mütəxəssislərin araşdırmalarından aydın olub ki, bu mahnıların söz müəllifi Z.Cabbarzadədir. Həmin nəğmələrdən biri də “Laylay”dır və o, hər zaman seviləcək.
   Nəğməkar şairin sözlərinə 250-dən çox mahnı yazılıb. Onun “Sülh” şeirinə ilk mahnını 1950-ci ildə böyük bəstəkar Qara Qarayev bəstələyib: 
   Ana yurdun qucağında 
   Boy atırıq azad, şən. 
   Bəslər bizi, 
   Səslər bizi, 
   Xoş günlərə bu Vətən... 
   Fikrət Əmirovun “Quşlar”, “Qatar”, “Bahar gəlir” mahnılarının sözləri də Z.Cabbarzadəyə məxsusdur. Səid Rüstəmovun onun sözlərinə bəstələdiyi “Sürəyya” mahnısı da dillər əzbəri olub. Cahangir Cahangirov, Tofiq Quliyev, Ağabacı Rzayeva, Emin Sabitoğlu kimi sənətkarlar şairin yaradıcılığına müraciət ediblər.
   Şairliklə yanaşı, publisistika ilə də məşğul olan Zeynal Cabbarzadə 20 yanvar 1977-ci ildə, 57 yaşında vəfat edib. 
   
   Savalan Fərəcov