Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi 12-28 yanvar tarixində Bolqarıstanda keçirilən 10-cu Sofia MENAR film festivalında nümayiş olunacaq.
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkəti tərəfindən istehsal olunan ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
   “Nar bağı”nın festivalda nümayişi yanvarın 18-də keçiriləcək.
   Ekran əsəri bir ailə dramı üzərində qurulub. Qabil 12 il əvvəl heç kimlə sağollaşmadan tərk etdiyi evinə qayıdır. Lakin onun geridə buraxdığı dərin emosional yara hamının xatirindədir və asanlıqla unudula bilməz.
   Psixoloji dram janrında çəkilən filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.