“İrs” seriyasından yeni kitabın təqdimatı keçirildi
   
   Yanvarın 18-də Beynəlxalq Muğam Mərkəzində “İrs” seriyasının yeni nəşri olan “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimat mərasimi keçirildi.   
   Əzəli yurd yerimiz, Azərbaycanın dilbər guşəsi olan Qarabağın faciəli taleyinə həsr edilən kitab Mədəniyyət və Turizm Nazirliyi, “Paşa Həyat Sığorta” ASC və “Silk Way Group” şirkətinin dəstəyi ilə “IRS Publishing House” tərəfindən nəşr olunub.
   Təqdimat mərasimində dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin diplomatları, elm, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirdi. 
   Tədbir iştirakçıları mərkəzin foyesində “İrs” seriyasının nəşrlərindən ibarət sərgi ilə tanış oldular.
   Mərasimdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan musiqisinin beşiyi, bir çox görkəmli yazıçıların, şairlərin, alimlərin, musiqiçi və rəssamların vətəni olan Qarabağ zəngin maddi və mənəvi mədəniyyəti ilə seçilən əzəli və əbədi yurd yerimizdir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Qarabağın tarixi-mədəni irsi, bu torpaqda İslam və Xristianlıq dinlərinin yanaşı inkişaf etməsi, məscidlərlə bərabər xeyli sayda alban məbədlərinin də olması Azərbaycanda multikulturalizm ənənələrinin necə dərin qatlara söykəndiyinin əyani sübutudur. XVIII əsrin ikinci yarısında Qarabağ xanlığı tərəfindən burada möhtəşəm tarixi abidələr ucaldılıb. İndi isə erməni işğalçıları həmin abidələri, məscid və məbədləri dağıdır, ya da özününküləşdirməyə çalışırlar”.
   Nazir qeyd etdi ki, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib. 23 muzeyimizə məxsus 86 min 307 eksponat, 4 rəsm qalereyasına məxsus 371 rəsm əsəri, 13 arxivə məxsus 260 min sənəd, 4 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 85 uşaq musiqi məktəbi, 4 teatr, 2 konsert müəssisəsi talan edilib, dağıdılıb. İşğal olunmuş ərazilərdə Azərbaycanın çoxəsrlik tarixinin bütün mərhələlərini əks etdirən, dövlət qeydiyyatına alınmış 698 tarixi mədəniyyət abidəsi ilə yanaşı, minlərlə qeydiyyata düşməyən tarix yadigarı da düşmən tapdağında qalıb.
   
   Düşmənin Azıx mağarasında qazıntılar aparması bəşəriyyətə qarşı cinayətdir
   
   Əbülfəs Qarayev bildirdi ki, ermənilərin əməlləri təkcə tarix və mədəniyyət abidələrimizi talan etməklə yekunlaşmır: “İndi isə onlar xarici ölkələrdən alimləri cəlb etməklə Azıx mağarasında qanunsuz arxeoloji qazıntılar aparırlar. Yalnız ərazilərimizi deyil, tarixi də mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğuldurlar. Qeyd etmək istərdim ki, Azərbaycan alimlərinin Azıx mağarasında apardıqları uzunmüddətli tədqiqatlar nəticəsində oradakı mədəni təbəqələrin 80 faizi tədqiq olunub. Ona görə də hazırda orada nəinki qazıntı, eyni zamanda kəşfiyyat işləri aparmaq belə bəşəriyyətə qarşı ən böyük cinayətdir. Həmçinin Azərbaycanın işğal altındakı memarlıq abidələrini, xüsusilə qədim alban xristian abidələrini mənimsəməklə onlara xas olan detal və yazıları qazıb erməni element və yazılarını əlavə edirlər”.
   Nazir bildirdi ki, “Qarabağ - əsrlərin salnaməsi” kitabında toplanan tarixi faktlar və arxeoloqların tapıntıları təsdiq edir ki, Qarabağ, həqiqətən, ilk insan məskənlərindən hesab edilə bilər. 
   Ümummilli lider Heydər Əliyevin “Şuşa təkcə şuşalılar üçün yox, vətənimizi sevən hər bir azərbaycanlı üçün əziz torpaqdır”, Prezident İlham Əliyevin “Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür” sözlərini xatırladan Əbülfəs Qarayev Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərin təqdirəlayiq olduğunu vurğuladı. 
   Nazir yeni nəşrin əhəmiyyətindən danışaraq bildirdi ki, 20 Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində belə bir nəşrin təqdimatının keçirilməsi xüsusi önəm kəsb edir: “Çünki kitabda Qarabağın tarixindən, qarabağlıların mərdliyindən, keşməkeşli həyatından, habelə XX əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığından, Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur. Ermənistan tərəfindən Azərbaycana mənəvi təcavüz də davam edir. Bunun qarşısını almaq üçün biz hər zaman öz tariximizi araşdırıb təbliğ etməliyik. Təqdim olunan kitab da bu məqsədə xidmət edir”.
   Qeyd olundu ki, nəşr “Azıx mağarası”, “Məğrur albanlar”, “Monqol istilası”, “Müharibələrarası dövr”, “Pənahəli xan Qarabağlı”, “Yenilməz Şuşa”, “Çətin seçim”, “Əcdadların torpağı uğrunda”, “Nə unutmaq, nə də bağışlamaq” fəsillərindən, proloq və epiloqdan ibarətdir. Bu fəsillərin hər birində mövzu elmi, tarixi mənbələrə istinadla mükəmməl əhatə olunub. 
   Nazir diqqətə çatdırdı ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan - minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan - Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası” kitabları işıq üzü görüb.
   Əbülfəs Qarayev sonda kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə öz minnətdarlığını bildirdi.
   
   Kitab Qarabağın bizim üçün niyə bu qədər əziz olduğunu dünyaya çatdıracaq
   
   Layihənin rəhbəri, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı dedi ki, bu nəşrin əsas məqsədi Qarabağın bizim üçün niyə bu qədər əziz olduğunu, onun uğrunda niyə qan töküldüyünü dünya ictimaiyyətinə çatdırmaqdır. Vurğulandı ki, dörd il müddətində hazırlanan kitabda Qarabağın tarixi keçmişini əks etdirən fotoşəkillərlə yanaşı, müasir görünüşünə də yer ayrılıb. Yüksək poliqrafik keyfiyyətlərə, nəfis tərtibata malik nəşrdəki mətnlər çoxsaylı foto və illüstrasiyalarla müşayiət olunur. 2015-2016-cı illərə aid fotoşəkillər “Caviar-Press” agentliyi tərəfindən təqdim edilib. Bütün bunlar yeni nəslə Qarabağ haqqında əsl həqiqətləri çatdırmağa imkan verir: “Biz müəyyən mənada istəyimizə çatmışıq. Azərbaycan, rus və ingilis dillərində hazırlanan nəşr bütün dünyaya bir daha Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübut edəcək. Kitab böyük nikbinliklə - xalqımızın qələbə əzmi ilə yekunlaşır. Bu yöndə işlərimizi məmnuniyyətlə davam etdirəcəyik”.
   “Paşa Həyat Sığorta” ASC İdarə heyətinin sədri Niyaz İsmayılov Qarabağ həqiqətlərinin dünyaya təqdim edilməsinin hər bir azərbaycanlının borcu olduğunu vurğuladı. Bildirdi ki, kitabda tarixi faktlar ardıcıllıqla yer alıb, keyfiyyətli fotolar təqdim edilib. Onun sözlərinə görə, bu layihə ermənilərlə informasiya müharibəsində əldə etdiyimiz bir qələbədir.
   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Qarabağ haqqında hər bir əsərin yüksək səviyyədə olmasının vacibliyini söylədi. Münaqişənin başladığı ilk illərdə Şuşaya səfərini və ermənilərin torpaqlarımıza iddiası ilə bağlı qarabağlıların fikirlərini xatırladan F.Bədəlbəyli heç bir erməninin muğamı, “Qarabağ şikəstəsi”ni azərbaycanlı kimi oxuya bilməyəcəyini də vurğuladı.
   Çıxışlardan sonra təqdimat mərasimi konsert proqramı ilə davam etdi.
   Qeyd edək ki, oxucular bu nəşrdə XV-XVIII əsrlərdə Azərbaycanda müxtəlif müharibələr zamanı Qarabağın mövqeyi, Qarabağ xanlığının əsasının qoyulması, burada dövlətçilik istiqamətində görülən işlər, Ağa Məhəmməd şah Qacarın hücumu və Şuşanın müdafiəsi, XIX əsrin mürəkkəb siyasi prosesləri, ölkəmizin Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra Qarabağın vəziyyəti, ermənilərin buraya köçürülməsi və s. mövzularla tanış ola bilərlər. 
   Layihənin rəhbəri Musa Mərcanlı, elmi məsləhətçiləri tarix elmləri doktoru Qasım Hacıyev və tarix elmləri namizədi Səbuhi Əhmədovdur. 
   
   Fariz Hüseynov