Bölgələrdəki mədəniyyət ocaqlarında tədbirlər
   
   Qazax rayon Elmar Hüseynov adına Mərkəzi kitabxana 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə məktəblilərlə “Hünər və qeyrət günü” adlı görüş keçirib.
   Kitabxananın Oxu zalında keçirilən görüşdə şəhər 3 saylı məktəbin 7-ci sinif şagirdləri iştirak edib. Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova 1990-cı ilin 20 Yanvar hadisəsinin Azərbaycan xalqının tarixinə qanla yazılmış faciə, eyni zamanda xalqımızın müstəqillik uğrunda mübarizə tarixinin şanlı səhifəsi olduğunu bildirib.
   Kitabxanada mövzu ilə bağlı keçirilən digər tədbirdə MKS-nin direktoru Solmaz Babanlı, şəhər 1 saylı kitabxana filialının müdiri Solmaz Nağıyeva, 1 saylı Folklor evinin müdiri Gülsüm Həsənova çıxış ediblər. Vurğulanıb ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini qıra bilmədi. Tədbirdə Bakı Dövlət Universiteti Qazax filialının və Sosial-İqtisadi Kollecin tələbələri, S.Əfəndiyev adına orta məktəbin 5-ci sinif şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.
   * * *
   Xaçmaz rayon Mərkəzi kitabxanası Şəxsiyyətlər muzeyində “20 Yanvar zəfər və qürur günüdür” başlığı altında sərgi keçirib. Sərgidə hadisəyə həsr olunmuş kitablar, şəhidlərin əziz xatirəsini özündə əks etdirən dövri nəşrlər və s. nümayiş olunub. 
   * * *
   Qəbələ Rayon Tarix-diyarşünaslıq Muzeyində “Şəhidlər ölməz” mövzusunda dəyirmi masa təşkil olunub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 20 Yanvar haqqında söhbət aparılıb. Vurğulanıb ki, o dəhşətli gecədə neçə-neçə qəhrəman övladlarımız tanklar altında əzilsə, məhv edilsə də, sovet imperiyasının hərb maşını xalqın mübarizə əzmini qıra bilmədi. Azərbaycanın gələcək müstəqilliyi uğrunda canlarını fəda edən vətən övladları ölməzlikləri ilə Azərbaycan tarixinə şanlı bir səhifə yazdılar. Azadlığa gedən yol 1990-cı ilin 20 yanvar gecəsindən başlandı.
   * * *
   Qax rayonu C.Cabbarlı adına Mərkəzi kitabxanada “Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi” adlı dəyirmi masa təşkil edilib. MKS-nin direktoru G.Əhmədovanın açılış sözündən sonra “Əbədiləşən tarix”, “20 Yanvar şəhidlərinə dövlətin qayğı və ehtiramı” adlı məruzələr dinlənilib. Tədbirdə “Qərənfilin ləçəyində yaşayacaq şəhidlərim!” adlı kompozisiya təqdim olunub, mövzu ilə bağlı sərgiyə baxış keçirilib.
   * * *
   Qusar şəhər Heydər Əliyev Mərkəzində “20 Yanvar - qəhrəmanlıq tariximiz” adlı tədbir keçirilib. Mərkəzin direktoru N.Abdurahmanova çıxış edərək 20 Yanvarın tariximizdəki yerindən söz açıb. Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi David İbramxəlilov və digər çıxış edənlər Azərbaycan gəncliyinə vətənpərvərlik duyğuları aşılayan bu tarixi gün haqqında ətraflı danışıblar. Şagirdlərin ifasında ədəbi kompozisiya səslənib. Sonda Milli Qəhrəman Çingiz Qurbanov haqqında "Zirvəyə ucalan əsgər" adlı film nümayiş olunub. 
   * * *
   Goranboy rayon Mərkəzi kitabxanasında 20 Yanvara həsr olunmuş dəyirmi masa keçirilib. MKS-nin direktoru Gülnarə Nəsibova, Oxu zalının müdiri Sevda Əliyeva, kitabxana işçiləri Ülviyyə Kazımova, Tamaşa Aslanova, Vüsalə Ziyadova, Nəzibə Qurbanova mövzu ilə bağlı çıxış ediblər. Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.