Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov yanvarın 17-də Mərakeş Krallığının Azərbaycandakı səfiri Mohamed Adil Embarş ilə görüşüb.
   Görüş zamanı iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib, müvafiq hüquqi bazanın bu əlaqələrin daha da genişləndirilməsinə şərait yaratdığı vurğulanıb.
   Nazim Səmədov son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı bir sıra böyük islahatların həyata keçirildiyini və görülən işlər sayəsində digər sahələrlə yanaşı, turizmin də sürətlə inkişaf etdiyini qonağın diqqətinə çatdırıb. Ölkə başçısının fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndən söhbət açan nazir müavini sənədin turizm sahəsində müxtəlif ölkələrlə əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.
   Səfir son bir neçə ildə Mərakeşin Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində (AİTF) təmsil olunduğunu, bunun Azərbaycandan potensial turistlərin Mərakeşə cəlb olunması üçün çox effektiv vasitə olduğunu deyib və Azərbaycan tərəfinin də Mərakeş Krallığında keçirilən beynəlxalq turizm yarmarkasında iştirak etməsinin, həmçinin ölkələrimiz arasında birbaşa reyslərin açılmasının da mühüm rol oynaya biləcəyini vurğulayıb. Bu ilin aprel ayında keçirilməsi planlaşdırılan növbəti AİTF sərgisi çərçivəsində turizm şirkətlərinin nümayəndələri üçün seminarın təşkil edilə biləcəyi bildirilib.
   Nazir müavini səfirə Azərbaycan Turizm və Menecment Universiteti barədə məlumat verərək, artıq bir sıra ölkələrin turizm təhsili üzrə aparıcı təsisatları ilə müqavilələrin imzalandığını və tələbə mübadiləsinin həyata keçirildiyini bildirib və Mərakeşin müvafiq qurumları ilə də belə əməkdaşlığın yaradılmasının əhəmiyyətini qeyd edib.
   Səfir Mərakeşin Tanjer şəhərindəki Ali Dünya Turizm İnstitutunda təhsilin ərəb və fransız dillərində aparıldığını və Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlığın yaradılması təklifinin diqqətəlayiq olduğunu bildirib.