Xəbər verdiyimiz kimi, Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviaşirkəti yanvarın 16-da ilk Bakı-Sofiya-Bakı birbaşa aviareysini həyata keçirib.
   Sofiya aeroportunda təntənəli qarşılanma mərasimi təşkil edilib. Burada keçirilən mətbuat konfransında “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə bildirib ki, Bakı-Sofiya-Bakı reysi Azərbaycan və Bolqarıstan arasında turizm, biznes və iqtisadi əlaqələrin inkişafında böyük rol oynayacaq. Qeyd edilib ki, “Buta Airways” aviaşirkəti bir ildir ki, yaradılıb və bu müddət ərzində şirkət müntəzəm və kommersiya cəhətdən cəlbedici xidmət təklif edərək uğur qazanıb. 
   Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bildirib ki, aviareys iki ölkənin paytaxtını bir-birinə daha da yaxınlaşdırır. “Buta Airways” Avropa İttifaqı məkanı xaricindən Bolqarıstana uçuş həyata keçirən ilk aşağıbüdcəli aviaşirkətdir. Həmçinin Bolqarıstan “Buta Airways”in Avropa ölkələri arasında ilk uçuş etdiyi ölkədir. “2016-cı ildə Azərbaycandan Bolqarıstana 16 min turist səfər edib. Bolqarıstanda da Azərbaycana maraq böyükdür”, - deyə o vurğulayıb.
   Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvaylo Moskovski diqqətə çatdırıb ki, birbaşa uçuşların başlanması turizm sektorunda bir sıra əhəmiyyətli layihələri həyata keçirməyə imkan yaradacaq: “Biz Azərbaycanın turizm imkanlarından faydalanmaq istəyirik və azərbaycanlı turistləri də Bolqarıstanın turizm imkanlarından yararlanmağa çağırırıq. Bakı-Sofiya-Bakı reysi bunun üçün çox mühüm bir vasitədir”.
   Qeyd edək ki, uçuşlar həftədə bir dəfə, çərşənbə axşamı günü (2018-ci ilin qış uçuş cədvəli üzrə) baş tutacaq. Aviabiletin ilkin qiyməti bir tərəfə 29 avrodur. Aşağı büdcəli aviaşirkət olaraq, “Buta Airways” baqajın, əl yükünün daşınması, hava gəmisində isti yeməklər, aeroportda qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.