Əsərin Amsterdamda orkestr və xor ilə ifasının videoyazısı şəhidlərimizin ruhuna ithaf olaraq təqdim edildi
   
   Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi böyük dühalar içərisində Nəsiminin də adı iftixarla çəkilir. Onun poeziyasının mənbəyi Tanrının ən böyük möcüzəsi olan insana yüksək qiymət vermək, ona ilahi hislərlə yanaşaraq ruhunu və cismini incitməmək, haqqa sahib olmaq, düşünən beyinlərə qənim kəsilməmək və s. bu kimi humanist ideyalardır.    
   Nəsimi bütün həyatı və yaradıcılığı boyu bu ideyaların bərqərar olması üçün öz cəmiyyəti ilə mübarizə aparmış və bu mübarizədə qələmi ilə qalib gəlmişdir. Nəsimi humanist ideyalar uğrunda apardığı mübarizəsi ilə əbədilik qazanmışdır. 1973-cü ildə mütəfəkkir şairin 600 illik yubileyinin, 2017-ci ildə isə vəfatının 600 illiyinin UNESCO səviyyəsində qeyd olunması onun dahiliyinin və əbədiyaşarlığının bariz nümunəsidir.
   Hələ ötən əsrdə keçirilən yubiley münasibətilə İmadəddin Nəsimi obrazını ədəbiyyatda, musiqidə, rəssamlıqda, heykəltəraşlıqda, kinoda təcəssüm etdirən dəyərli əsərlər yaranmışdı: yazıçı İsa Hüseynovun “Məhşər” romanı və onun ssenarisi əsasında rejissor Həsən Seyidbəylinin çəkdiyi “Nəsimi” filmi (bəstəkarı - Tofiq Quliyev), görkəmli rəssam Mikayıl Abdullayevin “Nəsimi” portreti, şair Qabilin “Nəsimi” poeması, bəstəkarlardan Süleyman Ələsgərovun şairin qəzəllərinə bəstələdiyi romanslar, Cahangir Cahangirovun “Nəsimi” kantatası, Azər Rzayevin “Nəsimi” simfonik poeması və nəhayət, Fikrət Əmirovun “Nəsimi haqqında dastan” baleti. Bu əsərlərdə Nəsimi obrazı yüksək ideyaların tərənnümçüsü kimi təqdim olunur. Bu əsərlərin hər birində ulu şairin ruhu duyulur. 
   
   Məndə sığar iki cahan, mən bu cahana sığmazam...
   
- deyən Nəsiminin söz dünyası əsrlərin məcrasına sığmayan zəngin bir xəzinə kimi tükənməzdir. Bu xəzinəyə nə qədər müraciət olunsa da, hələ onun açılmayan qatları var. Nəsimi irsinə müraciət etmək o qədər də asan deyil. Gərək sənətkarda böyük istedad, yüksək peşəkarlıq və Nəsimini duymaq üçün fəhm olsun ki, o, dahi şairin adını yaşadacaq dolğun əsər yarada bilsin. Xalq artisti, AMEA-nın müxbir üzvü, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadənin “Nəsimi” passionu XXI əsrdə Nəsimiyə ithaf olunan möhtəşəm əsərdir.
   Əvvəlcə onu qeyd etməliyik ki, passion musiqi janrına hər bəstəkar müraciət etmir. İlk professional passionları XVI əsrdə İ.S.Bax yaratmışdır. Bunlar “Messa” adı ilə məşhur olan əsərlərdir. Sonralar V.A.Mosart, C.Verdi və digər bəstəkarlar rekviyemlər yazaraq həmin janra əsaslandılar. Azərbaycan bəstəkarları sadəcə rekviyem janrına müraciət ediblər. Bu mənada Q.Qarayev, C.Hacıyev, M.Mirzəyev kimi bəstəkarları qeyd edə bilərik. Passion janrında isə Azərbaycanda ilk əsəri Firəngiz Əlizadə yaradıb.
   “Nəsimi” passionu ilk dəfə 2017-ci il aprelin 7-də Amsterdamda ifa olundu. Bu, Nəsiminin uyuduğu Hələb şəhərinin (Suriya) başı üzərində qara buludların tüğyan etdiyi zaman idi. Hələb bombardmana məruz qalır, Amsterdamda isə “Nəsimi” passionu səslənir. Nəsimi poeziyası Firəngiz Əlizadənin musiqisi ilə qovuşaraq sanki bu faciəni bəşəriyyətə bəyan edir. Ömrü faciələr içərisində keçən Nəsiminin ruhu da faciələrlə pərvaz edir... 
   Bu günlərdə xalqımız XX əsrin ən böyük faciələrindən biri olan 20 Yanvar qətliamını qeyd edir. Bu münasibətlə yanvarın 17-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli salonunda Firəngiz Əlizadənin “Nəsimi” passionunun Amsterdamda orkestr və xor ilə ifasının videoyazısı nümayiş olundu. Bu əsərdə bəstəkar həm öz ağrı-acısını, həm də Nəsimi irsinə, onun faciəvi həyatına münasibətini musiqisi ilə ifadə edib. Həmin əsərin məhz 20 Yanvar ərəfəsində təqdim olunması şəhidlərimizin ruhuna ehtiramın ifadəsidir.
   “Nəsimi” passionunu dinləyərkən əsərdən aldığım təəssüratlar belə oldu: sanki Nəsiminin ruhu salonda dolaşaraq bizim ürəkağrısı ilə yandığımız bu faciəyə üsyan edərək bizə qoşulur və bədxahlara lənət diləyirdi. Təbii ki, bu təəssüratı yaradan Nəsimi şeiri və Firəngiz Əlizadə musiqisi idi. Bu yerdə Firəngiz xanımın əsərlə bağlı düşüncələrini qələmə alırıq: 
   “Əslində, mən Nəsimi ilə çoxdandır ki, bir cərəyanda gedirəm. Belə ki, 1999-cu ildə mənə Yo-Yo-Manın “İpək Yolu” layihəsi ilə bağlı əsər yazmaq sifariş olunanda düşündüm ki, elə bir mövzuya müraciət edim ki, o, “İpək Yolu” üstündə olan ölkələrin təqdim etdiyi əsərlərdən fərqlənsin. İlk ağlıma gələn ad Nəsimi oldu. Çünki Nəsimi Azərbaycan xalqının mistik, qeyri-adi, hələ bəlkə də dərindən duyulmayan böyük dahisidir. Beləliklə, mən onun poeziyasına müraciət edərək “Dərviş” əsərini bəstələdim. Bu əsərdə solo partiyanı Xalq artisti Alim Qasımov ifa etdi və o, Yo-Yo-Manın rəhbərliyi ilə bütün dünyada şöhrətləndi. Bununla da mən sanki Nəsimiyə xeyli dərəcədə yaxınlaşdım. Daxilən sanki onunla söhbət edirəm, ona suallar verir və onun misralarından öz suallarıma cavablar tapıram. Bütün bu hislər artıq neçə illərdir ki, mənim həyatıma daxil olub. 
   Amsterdamda “Amsterdam Royal Concertgebouw” adlı möhtəşəm konsert salonu var ki, orada kantata, oratoriya, simfonik janrda böyük əsərlər səslənir. Bu mədəniyyət ocağı tərəfindən bəstəkarlara sifarişlər olur və onların əsərləri orkestrin ifasında yüksək şəkildə təqdim edilir. Onlar 2015-ci ildə mənə passion yazmağı sifariş edəndə, açığı, bir qədər həyəcanlandım. Çünki bu vaxta qədər pravoslav, katolik, yəhudilik və buddizm dinlərini ehtiva edən passionlar yazılıb və dünyada da böyük əks-səda tapmışdır. Amma müsəlman ilahiləri mövzusu belə yüksək səviyyəli orkestr üçün və ümumiyyətlə, dünya musiqisində işlənilməyib. Odur ki, əsərin forması, mövzusu, quruluşu və bu kimi vacib məsələlər üzərində düşünə-düşünə yenə də dahi Nəsiminin poeziyasına üz tutdum. Nəsiminin qəzəllərini dramaturji baxımdan elə qurdum ki, bunlar bir ilahilər şəklində olsun. Əsərin məcmusu Nəsiminin həyatı, iztirabları, poeziyası və onun ideyaları üzərində qurulub. 
   Əsərin ifası üçün Nəsimi obrazına Almaniyanın Manheym şəhərinin Opera və Balet Teatrında solist kimi çalışan Azərbaycanın Xalq artisti Əvəz Abdulla seçildi. 150 nəfərlik simfonik orkestrə İngiltərədən dəvət olunan tanınmış dirijor Martin Brabbins, 85 nəfərlik xor kollektivinə Klos Ştok rəhbərlik edirdi. Belə bir tərkibdə biz 2017-ci ildə əsərin səhnə həyatına nail olduq. 
   Başqa bir məsələni də deyim ki, mən bu əsər üzərində işləyərkən Suriyada siyasi vəziyyət çox gərgin idi. Amma heç kim düşünməzdi ki, bu dəhşətlər Nəsiminin türbəsi olan Hələb şəhərinə də sirayət edəcək. Hər halda mən, demək olar ki, bu əsəri həmin hadisələrin cərəyan etdiyi zamanla paralel qələmə almışam. O faciəli hadisələri düşünə-düşünə işləmişəm. Təbii ki, həmin hadisələrin təsiri və Nəsiminin faciəli həyatı mənim musiqimdə təcəssüm olunub. Əsərin ifa olunacağı 2017-ci ilin 7 aprel günü hamı salonda hazırlaşarkən birdən dirijor Martin Brabbins içəri daxil oldu və dedi: “Bilirsinizmi nə baş verib?” Hamı təəccüblə “Nə olub?” - deyə soruşdu. Dedi ki, bu gün Hələb şəhəri bombalanacaq. Hamı bu hadisədən çox həyəcanlandı. Təsəvvür edin - orda bombalanan Hələb - burada isə Nəsiminin iztirablarından bəhs olunan əsərin ifası paralel gedirdi. Bu hadisələrin üst-üstə gəlməsi özü sanki ilahi qüvvənin nədənsə xəbər verməsinə bir işarədir. Mən deyərdim ki, bu da Nəsimi ruhunun üsyanıdır. O öz dövrünün faciəsinə sinə gərərək özünü fəda etdi. İndi isə şeiri və ruhu bu faciələrə üsyan edir. Bizim 20 Yanvar faciəmizə də Nəsiminin ruhu yas tutub, şeiri qan ağlayır. Odur ki, “Nəsimi” passionunu da şəhidlərimizin ruhuna ithaf edirik”. 
   Hörmətli bəstəkarımızın əsər haqqında bu düşüncələrindən sonra mənim də fikrimdə Nəsiminin bu misraları pərvaz etdi:
   
   Səni bu hüsni-camal ilə, bu lütf ilə görüb,
   Qorxdular Həqq deməyə, döndülər, insan dedilər...
   
   O insanlar daha çox dəyərlidir ki, onlar insanların və insanlığın dəyərini bilir və dəyərli olanları nəsillərə tanıda bilirlər. Bu mənada Firəngiz xanıma Nəsimi irsini indiki və gələcək nəsillərə tanıdaraq ümumbəşəri bir əsər yaratdığı üçün təşəkkür edir və həmin əsərin Azərbaycanda səslənməsini arzulayırıq. Çünki bu əsər musiqi xəzinəmizin incisidir. Əgər Amsterdamda Azərbaycan bəstəkarının əsəri ifa olunubsa, demək, bu bizim uğurumuzdur...
   
   Səadət Təhmirazqızı 
   Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru