Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Cövdət Hacıyevin şərəfinə ABŞ-ın Florida ştatında Gənc istedadların beynəlxalq musiqi müsabiqəsi (“Florida Keys” IMCYT) keçiriləcək.
   Müsabiqə Pərvin Muradova-Dilbazi, Kay Lanq, Vivian Fanq Liu və Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminova tərəfindən təsis edilib.
   Fortepiano, simli alətlər və vokal kateqoriyalarında keçiriləcək yarışmaya 5-18 yaş arasında iştirakçılar qatılacaq. Müsabiqənin məqsədi istedadlı gənc musiqiçilərin fərdi yaradıcılığının inkişafını dəstəkləmək, o cümlədən peşəkar musiqiçi olmaq istəyən uşaqlara öz istedadlarını və fərdi bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdır.
   Müsabiqədə iştirak etmək üçün 2018-ci il iyulun 1-dək müraciət etmək lazımdır. Tədbirin qala-konserti və mükafatlandırma mərasimi noyabr ayında Nyu-Yorkdakı “Carnegie Hall”da olacaq.
   Qaliblərə Qran-pri, I, II və III yerlər üzrə mükafatlar, habelə münsiflər heyətinin xüsusi mükafatı və fəxri fərmanlar təqdim ediləcək.