Alman xalqının orta çağlarda qələmə alınmış sevgi və qəhrəmanlıq dastanı - “Nibelunqlar nəğməsi” Azərbaycan dilində işıq üzü görüb. “Mütərcim” nəşriyyatında çapdan çıxan 39 boydan və 2379 bənddən ibarət dastanı dilimizə görkəmli germanist, filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəlli sətri tərcümə edib.
   Dastanda mətbəx, süfrə mədəniyyətinin tərənnümü, müxtəlif dinlərin qarşılaşması, var-dövlət uğrunda mübarizə, ailə, dövlət, savaş, sevgi və qəhrəmanlıq mövzuları başlıca yer tutur. Ən diqqətçəkən məqam ondan ibarətdir ki, “Nibelunqlar nəğməsi”ndə ulu dastanımız “Dədə Qorqud kitabı”yla səsləşən məqamlar çoxdur. Hər iki dastanda Təpəgöz və Hagen obrazları, ov və toy səhnələrilə bağlı çoxlu oxşarlıqlar var. 
   Professor Fəxrəddin Veysəlli bildirir ki, “Dədə Qorqud kitabı”nın Avropada və dünyada tanınmasında şərqşünas, Prussiyanın Türkiyədə səfiri olmuş Henrix Fridrix fon Ditsin xidmətləri böyük olub: “Onun “Dədə Qorqud kitabı”nın 12-ci boyunu alman dilinə tərcümə edərək şərh yazması, dastandakı Təpəgöz obrazının Homerin Polifemi ilə müqayisə etməsi, Homerin bu obrazı Asiyadan götürməsi barədə fikirləri bizim dastanın önəmini yüksək dəyərləndirməsinə bir nümunədir. Bu baxımdan “Dədə Qorqud kitabı”nın alman xalqının dastanı ilə müqayisəli öyrənilməsi ciddi elmi araşdırmanın başlanğıcı ola bilərdi. Akademik Kamal Abdullayev Bakı Slavyan Universitetinin rektoru olarkən Almaniyanın Osvald fon Volkenştayn Cəmiyyətinin sədri, Vürsburq Universitetinin professoru Ziqlind Hartmanla həmin dastanların geniş planda elmi-ədəbi-tarixi-linqvistik yöndə öyrənilməsi üçün 10 il müddətinə əməkdaşlıq haqqında müqavilə imzalamışdı. Müqavilədə iki ildən bir Azərbaycan və Almaniya alimlərinin simpoziumunun keçirilməsi əksini tapıb. Həmin smpoziumların ikisi Bakıda və Maynsda baş tutub”.
   Bu razılaşmaya əsasən professor Fəxrəddin Veysəlli “Nibelunqlar nəğməsi”ni Azərbaycan türkcəsinə, türkoloq, qorqudşünas Hendrix Buşoten isə “Dədə Qorqud kitabı”nı alman dilinə tərcümə edir. Bizim dastanımız 2011-ci ildə Almaniyada çap olunub.
   F.Veysəlli bildirir ki, “Nibelunqlar nəğməsi”ndə cərəyan edən hadisələr Niderlandın keçmiş sakinləri nibelunqlar, burqundiyalılar, islandiyalılar və macarlarla bağlıdır. Bunlar əsas obraz kimi verilən xalqlardır. Dastanda başqa xalqların çoxlu nümayəndələrinə də rast gəlmək olur. Dastanın 22-ci boyunda 50 beytlik şeirdə hunların imperatoru Etselin (Atillanın) Krimhildi qarşılamasından danışılır. Qarşılamada Avropada yaşayan müxtəlif xalqların nümayəndələri üz-üzə gəlir, bir masada oturub toy-bayram keçirirlər: “Burada xristianlarla bütpərəstlər qarşılaşsa da, dini zəmində heç bir qarşıdurma səhnələri təsvir olunmur. 17 günlük mərasimdə müxtəlif dillərdə danışan adamlar bir araya gəlir, iki millətin toy sevincinə qatılırlar. Burada ruslar, yunanlar, polyaklar, valaxenlilər, ukraynalılar, hətta türkdilli peçeneqlər də iştirak edirlər. Danimarkadan, Halvetiyyədən (İsveçrədən), Avstriyadan və Dunay sahilindəki başqa ölkələrdən olan mərasim iştirakçılarını da nəzərə alsaq, görərik ki, bu dastanda, sözün əsl mənasında, xalqlar dostluğu tərənnüm olunur”.
   Mütəxəssis bildirir ki, “Nibelunqlar nəğməsi” əsər kimi təxminən 12-ci əsrdə meydan gəlsə də, dastanda cərəyan edən hadisələr ondan bir neçə yüz il qabaq baş verib. Hunların hökmdarı Atilla (434-453) V əsrdə yaşayıb və dastanda bunu təsdiq edən tarixi faktlar var. 
   Oğuzların və almanların dastanları arasında ikinci maraqlı cəhət onların müəlliflərinin məlum olmamasıdır. “Nibelunqlar nəğməsi” dastanına əlavədə qeyd olunur ki, əsərin kim tərəfindən yazıldığı tam məlum deyil. Eyni sözləri “Dədə Qorqud kitabı” haqqında demək olar. H.F.fon Dits adıçəkilən tərcüməsinə yazdığı girişdə dəfələrlə təkrar edir ki, bu mətnin müəllifi üçüncü adam olub, yəni Dədə Qorqudun özü dastanı qələmə alan sayıla bilməz. O, oğuzların 3 min ildən artıq yaşı olduğunu qeyd edir. 
   Professor F.Veysəlli: “Dədə Qorqud kitabı”nın Drezden variantında 12 boydan biri “Basatın Təpəgözü öldürdüyü” boydur. Buradakı hadisələr bir növ “Nibelunqlar nəğməsi”ndəki 16-cı aventürə oxşayır. Alman dastanında Hagen Zigfridi kürəyindəki yamaq yerindən vurub öldürür. Bu da onun hiyləgərliyində, Krimhildi dilə tutub onun dilindən söz alması nəticəsində mümkün olmuşdu. Ova getməzdən qabaq Krimhild Zigfridə görə çox həyəcan keçirdiyini dilinə gətirir və deyir ki, onun kürəyində bir balaca yer var ki, oraya əjdaha qanı düşməyib. Oranı qorumaq gərəkdir. Bu zaman Hagen xanıma deyir ki, Krimhild o yeri yamaqla yamasın ki, onu düşmən gülləsindən qorusun. Azərbaycan dastanında isə Təpəgözü öldürə bilməyən Basat qocalardan soruşur ki, bu divi necə öldürmək olar? Qocalar da cavabında bildirirlər ki, onun yalnız təpəsindəki gözündə ət var və Basat da Təpəgözü orasından vurub kor edir və sonra onu öldürür”. 
   İnanmaq olar ki, Azərbaycan tədqiqatçıları alman xalqının bu böyük abidəsini öz dilimizdə oxumaqla onu “Dədə Qorqud kitabı”yla müqayisə etmək üçün yeni qaynaq əldə edəcək və maraqlı nəticələrə gələcəklər. Şairlərimiz isə hazır sətri tərcüməni nəzmə çəkə bilərlər.
   
   S.Qaliboğlu