XVIII-XIX əsrlərin axır-əvvəllərində “Möhtərəm” ləqəbilə tanınmış güneylimizin “Mötəbər-müdrik şair” ad-sanlı oğlu...
   
   Uzun illərdir ulu muğamlarımızın birində (“Zabul Segah”) əsil xəlqi səs-nəfəsli xanəndələrimizdən birinin (Ağabala Abdullayev) ifasında hana-hana səslənən “...gəlsin, gəlməsin” rədifli qoşmasını zövqi-atəşdən yana-yana dinlədiyimiz bu işıqlı şair haqda nə üçün məhz indi - törənişində yalnız “Qara”, illər ötüşdükcəsə ümummilli ağgün, xoş-beş təyin-sifətlərlə yad etdiyimiz 20 Yanvar günü ərəfəsində yazmaq qərarına gəldim?..
   
   Tək elə ona görə yox ki, həmin o minor mayalı muğam (“Mirzə Hüseyn”, “Yetim” və s. qohum-qövmlərilə bahəm), mahiyyətindəki ağı-ağlaşma notlardan heç zaman xali olmayası bu GÜNümüzün əhvalı ilə səsləşir. Həm də buna görə ki, bu an bəndənizin yadına 1990-cı ilin 19 yanvar səhərindən başlayaraq bu şəhərin ora-buralarında toplaşan istiqlalçı-mücahidlərdən birinin etdiyi belə bir söhbət də düşdü: “Tez-tez “bu Əli yolu haqqı!” deməklə iş bitmir ki. Gərək o Yolu gedəsən də! İndi biz bu tonqal başında oturub, bir vaxt babalarımızdan bir çoxunun bəh-bəhlə qəbul etdiyi XI Qızıl ordunun varisini gözləyirik. Amma bir çox şeir və qəzəllərində ən adil hökmdar, ən güclü alim, bənzərsiz həqiqət meyarı, ərənlər ərəni saydığı Həzrət Əli (ə) Yolunun davamçısı olmuş Əbülqasım Nəbati deyirdi:
   
   Müxtəsər, yeydir, Nəbati, bir sözü çox çeynəmə,
   Söylə bir yol: Heydəri-kərrarı gözlər gözlərim!..”
   
   Yeri gəlmişkən, bu kiçik xatirə kökü üstdə belə bir nüansı da vurğulayım ki, böyük əzab-əziyyətlər, çətin “inteqral”lar hesabına başa gələn müstəqilliyimizin “əlifba”sı sayılası həmin olaylara qədər ideoloji qadağa-qəliblər sayəsində nəinki təbliğ edilməyən, hətta “təriqətçi” damğası ilə inkarına çalışılan bu şair hələ də yetərincə tədqiq olunmayıb. Bir az zəhmətkeşlik və ilıq-isticə bir milli sevgi gərəkir ki, bu inci-irfani irsin öz qeyri-adi cazibəsi, sehri-bənzərsizliyilə ən tərəqqipərvər təriqətdən belə çox-çox yüksəkdə durduğu bəllənsin! Hələ böyük ədəbiyyatşünas Firidun bəy Köçərli də bu nüansı vurğulayırdı: “S.Əbülqasim Azərbaycan türklərinin Xacə Şəmsəddin Hafizi və Şəms Təbrizisi, bəzi məqamlarda Mövlana Cəlaləddin Rumisi mənziləsindədir...” Bu irsin tədqiq-təbliğində əsil bağban-kankani xidmətləri olmuş görkəmli alim Feyzulla Qasımzadənin bir qənaətisə, Nəbati dahiliyi təsdiqinin möhürü qismində: “Füzuli zirvəsinə yüksələn tənha şair Seyid Əbülqasim Nəbati olmuşdur”. 
   Və bu yazının yazılmasına daha bir “bəhanə”: Nəbati 1812-ci ildə - Bonapart Napoleonun Rusiyaya hücumu ilində doğulub... Görəsən, iki yüz altı il bundan qabaqkı o (“ənənəvi” müharibələr formatlı) hücuma məruz qalanların “1990 xələfləri” həmin gün Azərbaycana etdikləri barbar mahiyyətli hücumun fərqinə varmışdılarmı?..
   Bayaqdan çoxcəhətli yaradıcılıq “ləpir”ləri arxasınca getdiyim, xeyli “dolangəl”lik etdiyim bu şairin sakit-samitlik baxımından çox həmkarlarından fərqli -
   
   Həyatı...
   
   Sonralar “Aşiq olan xof eləməz bəladan, İnciməz yar edən cövrü-cəfadan, Nəbati, əl çəkən kimdir vəfadan, - Qoymuşam başımı mən bu meydanə!” deyəsi bu aşiq - Seyid Əbülqasım Mir Yəhya oğlu Nəbati 1812-ci ildə Güney Azərbaycanımızın Üştibin qəsəbəsində (Qaradağ mahalı) doğulub. Hələ sağlığında nəsil-şəcərəsinin bir tağının peyğəmbərimiz Məhəmməd əleyhissəlama gedib çıxdığı deyilsə də, özü (həm də seyidləri yalnız ərəb mənşəli sayanlara cavab olaraq) öz milliyyəti və dili haqda belə deyib: “Bəççeyi-türkəm, dilim türki, kəlamım həcv-məcv, Xançobani, can alan cancanı gözlər gözlərim”.
   Bu yazıda bir çox qənaətlərinə istinad etdiyim tədqiqatçı Əli Şamilin araşdırmalarına əsasən, “Xançobani” şairin ləqəblərindən biri olub. Bu təxəllüsün mayalandığı Xançobanilər tayfası (indilərin özündə də) yayı Savalan dağının ətəklərində, qışı Muğanda keçirən Şahsevən elinin bir tirəsidir ki, ədəbi qaynaqlar bu şairin ailəsinin Muğandan Üştibinə gəlmiş köçəri xançobanilərdən olduğunu deyir. Şairin ləqəbləri içərisində olan “Məcnunşah Qaracadaği” isə dəfələrlə nəşr olunmuş “Nəbati divançası” kitabında belə şərh edilir: “Divani-cənab Seyid Əbülqasım mütəxəllis be Nəbati və məşhur Məcnunşah Qaracadaği”. 
   Bu görkəmli şair ən çox “Nəbati” təxəllüsü ilə tanınıb-məşhurlaşmışdır ki, həmin kəlmə haqda iki fikir mövcuddur; a) nəbatilər Ərəbistan, İran və Azərbaycanda geniş yayılmış bir tayfadır, b) şeirləri bu şirniyyatın (“nabat”ın) feyzinə bənzədiyinə görə, mənsub olduğu təriqətin mürşidi ona məhz bu ləqəbi verib...
   İlk savad-təhsil rüşeymlərini atasından almaqla Quran oxumağı öyrənən, İslam ehkamlarını mənimsəyən Əbülqasım hələ uşaq ikən Hafizin divanını oxuyub, şeirlərin çoxunu əzbərləməsilə diqqət çəkib. Qeyri-adi dərvişlik bacarığı ilə mahal məşhuru olan atası çox vaxt balaca Əbülqasımı da özü ilə aparar, o isə hər gün atanın əzbərdən söylədiyi yüzlərlə misralıq nöhə, mərsiyə və digər motivli şeirlərin sehrinə düşərək, yaxın gələcəyin bənzərsiz “hafizi-şair”liyinə doğru addımlayırmış. 
   Köçəri türk tayfalarından və dədə-babaca dərviş olmalarına baxmayaraq, bu ailə Qaradağ mahalının Üştibin qəsəbəsi əhalisilə tez qaynayıb-qarışır, bağ-bostançılıqla da məşğul olur. Gənc Əbülqasım isə, gələcəkdə adı adları sırasında çəkiləsi Hafiz yaradıcılığını, C.Rumi, Ş.Təbrizi, Ə.Yəsəvi, Y.Əmrə, Nəsimi, Xətai, Füzuli kimi nəhənglərin yaradıcılıq dəryasına baş vurur və -
   
   İncilər çıxarır
   
   Çoxusu da əbədi və ərşi-əla gözəllik mənbə-mənsəbi olan Gözəllik! Bir şərtlə ki, bir çox vəzn və formalarda qələmə alıb, vəsf etdiyi o gözəllərin, qəlbtitrədici qəzəllərindəki məşuqələrin “bəzmi-surətləri” nə qədər göz qamaşdırsa da, onların hər birinin gözəlliyi fövqündə gözəgörünməz ilahi nuru var! Bu şeirlərin hər misra-addımında sufiyanə fikirlər, “vəhdəti-vücud”çuluq şərqilənir: 
   
   Maşallah, qadir Allah
   Gör necə dilbər yaradıb!
   Gül üzündə əfşan-əfşan
   Zülfi-müənbər yaradıb!
   
   Ağzı qönçə, ləbi püstə
   Beli incə, boyu bəstə,
   Tökülübdür dəstə-dəstə,
   Nə gözəl tellər yaradıb!
   
   Qaşı fitnə, gözü çadu,
   Üzü lalə, xalı hindu,
   Mina gərdən, saçı qarqu,
   Gül buxağın tər yaradıb.
   
   Dili almas, dişi inci,
   Ağ sinəsi gövhər-gənci,
   Vəsfə gəlməz nazu-ğənci,
   Bunu əfsunkar yaradıb.

   Uzun dövr yalnız şair kimi öyrənilib-tanıdılmış bu şairin bir zaman başqa bir kəraməti də ortaya çıxıb. Osmanlı dövlətinin arxivləri açılarkən məlum olub ki, o, öz müridlərilə birlikdə Osmanlı ordularının tərkibində rus işğalçılarına qarşı savaşıb və göstərdiyi igidliyə görə sultan tərəfindən mükafatlandırılıb. Şairin sədəflə işlənmiş zərif tüfəngi isə - gözəl bir sənət əsəri kimi Türkiyənin Kırıkkale silah zavodu muzeyində saxlanılır. 
   1873-cü ildə elə doğulub, boya-başa çatdığı Üşitibində vəfat edib, dəfn olunmuş bu soydaşımız haqda bir qələmdanlıq da -
   
   Giley-güzar
   
   Araşdırıcılarından birinin qənaətinə görə, Nəbati yaradıcılığının tədqiqi sahəsində ədəbiyyatşünaslıq elmimizin bütün nailiyyətlərinə rəğmən, şairin şəxsiyyəti və poeziyası hələ də sirr haləsinə bürünmüş haldadır, onun axıra qədər dərk edildiyini iddia etmək çətindir və bu nadir sənətkarın təkrarsız irsi ilə bağlı deyilməmiş, yazılmamış mətləblərin mövcud olması da danılmaz faktdır... 
   Bu şairin yaradıcılığının poetik fəlsəfəsindəki bənzərsiz ruhsal-lirikallıqla bahəm, öz bədii-irfani dünyasını yalnız sırf SÖZ ilə (qəzəl, qəsidə, rübai, məsnəvi, müxəmməs, müstəzad, tərcibənd və s.) deyil, SAZ-SÖZ ilə (qoşma, gəraylı, təcnis...) çatdırma ustadlığı (baniliyi) də vurğulanmalıdır. İndi bircə bəndini təqdim edəcəyim həmin bu qəbil nümunəni həm də bu yazını nəynən başlamışamsa, onnan da xətm etmək məramımdandır: 
   
   Nəbati istəməz onsuz dünyanı,
   İzzəti, hörməti, şövkəti, şanı,
   Bir zada qalmayıb daha gümanı,
   Bu baş o meydanə gəlsin, gəlməsin?..
   
   Tahir Abbaslı