Fevralın 8-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Vincenzo Bellinin “Norma” operası nümayiş olunacaq.
   Azərbaycanda ilk dəfə səhnəyə qoyulan operanın quruluşçu dirijoru Xalq artisti, professor Fəxrəddin Kərimov, quruluşçu rejissoru Elvin Mirzəyevdir. Səhnə əsərində əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Anton Ferştano, solistlər Adil Axundov, Hidayət Əliyev və İslamə Abdullayeva çıxış edəcəklər.
   Qeyd edək ki, italiyalı bəstəkar Vincenzo Bellinin ikipərdəli lirik tragediyasında hadisələr romalılar tərəfindən fəth edilən Qalliya şəhərində cərəyan edir. Opera ilk dəfə 1831-ci ildə Milanın La Skala Teatrında səhnəyə qoyulub.