Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə yazıçı-jurnalist, Milli Məclisin deputatı Aqil Abbasın iştirakı ilə onun ssenarisi əsasında çəkilmiş “Dolu” filmi nümayiş olunub. 
   Filmin nümayişindən öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 
   BXA-nın rektoru, professor Timuçin Əfəndiyev Qanlı Yanvar hadisələri haqqında danışıb, həmin günü azadlığa, müstəqilliyə gedən yolun başlanğıcı adlandırıb. Qeyd edib ki, Qarabağ müharibəsi mövzusunda çəkilən “Dolu” filmi müharibənin dəhşətlərini, dövrün ictimai-siyasi proseslərini yeni nəslə çatdıran, gəncliyin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edən uğurlu ekran əsəridir. 
   Filmin ssenari müəllifi Aqil Abbas ali təhsil ocağında olmaqdan məmnunluğunu bildirib, BXA-nın rəhbərliyinə minnətdarlıq edib. O, 2012-ci ildə dövlət sifarişi ilə C.Cabbarlı adına kinostudiyada çəkilən “Dolu” bədii filmi haqqında məlumat verərək, yaradıcı heyəti təqdim edib. 
   Filmin nümayişindən sonra Aqil Abbas və ekran əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov və digər yaradıcı heyət üzvləri ilə görüşən müəllim və tələbələr öz təəssüratlarını bölüşüblər.