Görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin (1908-1978) “Kəmtərovlar ailəsi” adlı hekayələr kitabı Türkiyədə işıq üzü görüb.
   Azərbaycan Yazıçılar Birliyindən verilən xəbərə görə, yazıçının 110 illik yubileyinə ərməğan olaraq hazırlanan nəşr Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk dünyası ədəbiyyatı seriyası”ndan çap olunan birinci kitabdır.
   Topluda Mir Cəlalın “Həkim Cinayətov”, “Bostan oğrusu”, “İclas qurusu”, “Kəmtərovlar ailəsi”, “İstifadə”, “Elçilər qayıtdı”, “Niyə ovdan ayaq çəkdim”, “Təzə toyun nəzakət qaydaları”, “Vətən yaraları”, “Susuzluq” və başqa hekayələri yer alıb.
   * * *
   Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Yaxşı padşahın nağılı” kitabı da Türkiyədə nəşr edilib. Yazıçının 80 illik yubileyi münasibətilə hazırlanan kitab da “Türk dünyası ədəbiyyatı seriyası”ndan işıq üzü görüb. Kitabda Anarın “Yaxşı padşahın nağılı” hekayəsinin Azərbaycan, türk, türkmən, qaqauz, krım-tatar, qırğız, qazax, özbək, başqırd, rus və fars dillərində tərcümələri yer alıb. Hekayəni müxtəlif türk dillərinə İmdat Avşar, Maya Samizadə, Şahinə İbrahimova, İbrahim Türkxan, Feyruzə Qəribova, Leniyara Səlim, Seyran Süleyman, Ergali Erbosınov, Güllü Qərənfil və başqaları çeviriblər.