Bu il oktyabrın 19-20-də Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə vokalçıların Müslüm Maqomayev adına V Beynəlxalq müsabiqəsi keçiriləcək.
   Müsabiqə qabiliyyət, istedad və sənətkarlığını həm klassik, həm də estrada repertuarında göstərmək imkanı olan vokalçıların yaradıcılığına baxışdır. Yarışmada təşkilat komitəsinə ərizə, müvafiq sənəd və videomaterial təqdim etmiş 20-35 yaş arası ifaçılar, yaxud ali musiqi məktəblərinin və kolleclərin tələbələri iştirak edə bilərlər. İlkin dinləmə və baxışın yekunlarına əsasən təşkilat komitəsi tərəfindən 15-dək ifaçı seçilərək müsabiqəyə dəvət alacaq.
   Münsiflər heyətinə aparıcı opera solistləri, populyar musiqi ulduzları, dirijorlar, musiqili teatrların rejissorları, beynəlxalq prodüser şirkətlərinin nümayəndələri daxildir. 
   Müsabiqə iki turda keçiriləcək və simfonik orkestrin müşayiəti ilə aparılacaq. Bütün ifalarda canlı səs və musiqi tələb olunur, hər hansı fonoqram yolverilməzdir.
   I, II və III yerlər üçün müvafiq olaraq qızıl, gümüş, bürünc medallar, eləcə də 25 min, 15 min, 10 min dollar mükafat nəzərdə tutulur.
   İştirak arzusunda olanlar aprelin 30-dan gec olmayaraq təşkilat komitəsinə müraciət etməlidirlər. Ətraflı məlumatı saytından öyrənmək olar.
   Xatırladaq ki, Vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq müsabiqəsində I yerə Azərbaycanın Əməkdar artisti İlham Nəzərov, II yerə beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynli layiq görülüb.