Kastamonunun təqdimat mərasimi keçirilib
   
   Xəbər verdiyimiz kimi, Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Yanvarın 24-də Kastamonu şəhərində mədəniyyət paytaxtının təqdimat mərasimi keçirilib.    
   Mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş, Kastamonu valisi Yaşar Qaradəniz, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov, Kastamonu Universitetinin rektoru, professor Seyit Aydın, qonaqlar, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. 
   Öncə Kastamonu şəhərinin tanıtım filmi nümayiş etdirilib. Sonra Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Ankara Türk Dünyası Musiqi Topluluğunun ifasında konsert proqramı təqdim olunub. Ardınca TÜRKSOY-un fəaliyyətindən bəhs edən filmin nümayişi olub. Kastamonu Bələdiyyəsi Xalq oyunları qrupunun ifasında “Səbətçioğlu” oyunu maraqla qarşılanıb. Kastamonu Universitetinin tələbələri də yerli xalq oyununu nümayiş etdiriblər.
   Tədbirin rəsmi hissəsində çıxış edən nazir Numan Kurtulmuş TÜRKSOY-un Türk dünyasında mədəni işbirliyini artırmaq, ümumtürk mədəniyyətini təbliğ etmək, mədəniyyətlər arasında qarşılıqlı mübadiləni təmin etmək istiqamədində fəaliyyətini yüksək qiymətləndirib. Nazir “Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində ümumilikdə 50-dək tədbirin, müxtəlif layihələrin nəzərdə tutulduğunu bildirib və onların bir qisminə nazirlik olaraq dəstək verəcəklərini deyib.
   Numan Kurtulmuş Kastamonunun “Türk dünyasının mədəniyyət paytaxtı” adına layiq olduğunu bildirib, şəhərin zəngin tarixindən bəhs edib: “Bu şəhərin Asiyanın dərinlikləri ilə də bağları var. İslam Xorasandan ərənlərin sayəsində Anadoluya gəlib. Xoca Əhməd Yəsəvinin təlimləri bu torpaqlara qədər Şeyx Şaban Vəli ilə gəlib, buradan da Avropanın içərilərinə doğru yayılıb. Kastamonu bu bağı davam etdirən əhəmiyyətli şəhərlərdən biridir. Anadolu torpaqlarının əbədi torpaqlarımız olması yalnız qılınclarla deyil, uca könüllü insanların təlimləri sayəsində də gerçəkləşib. Kastamonu bu ruhun kristallaşdığı, bu gün də həmin ruhu yaşadan şəhərlərimizdən biridir”. 
   Vurğulanıb ki, 7 minillik tarixi olan Kastamonu həm də türk xalqının İstiqlal savaşının qazi şəhəridir: “Şəhərin bir başqa xüsusiyyəti də burada fərqli mədəniyyətlərin bir-birinə qovuşmasıdır. Kastamonunu ən yaxşı şəkildə təqdim etmək üçün əlimizdən gələni edəcəyik və onun Türkiyənin bir markası olaraq tanınmasını təmin edəcəyik”.
   Kastamonu valisi Yaşar Qaradəniz də “mədəniyyət paytaxtı” ilinin bölgənin daha da tanınmasına vəsilə olacağını deyib, son illər şəhərdə həyata keçirilən infrastruktur layihələrindən söz açıb. Bildirib ki, İlgaz tunelinin açılması və hava nəqliyyatının inkişafı Kastamonunu turizmə hazır bir bölgəyə çevirib. 
   TÜRKSOY-un baş katibi Düsen Kaseinov isə öz nitqində gələcək planlardan söz açıb: “Kastamonu ilboyu dünyanın dörd bir yanından sənətkarları və mətbuat nümayəndələrini qonaq edəcək. Həyata keçirilən bütün bu işlər Türk dünyasına töhfə verdiyi kimi, Kastamonunun tanıdılmasına da xidmət edəcək. Sənət və elmi baxımdan mədəniyyətimizi daha da zənginləşdirəcəyik, türk xalqları arasındakı qardaşlıq bağları daha da genişlənəcək”.
   Qeyd edək ki, Türkiyənin şimalında yerləşən Kastamonu tarixi-mədəni abidlərlə zəngindir. Qara dənizin ən uzun sahil zolağının (170 km) yerləşdiyi bölgə həm də dünyanın ən iri mağaralarından olan İlgarini mağarası, şəlalələri və digər təbii zənginlikləri ilə tanınır.
   
   Mehparə Sultanova
   Ankara