Bollivudda çəkilən “Padmavati” tarixi-bədii dramının əleyhdarları Hindistanın qərbində yerləşən Hucarat ştatının Əhmədabad şəhərində və digər bölgələrdə etiraz aksiyası keçirir.
   Etiraz edənlər əsasən induist qrupları, həmçinin Racput kastasının nümayəndələridir. Onlar filmdə induist şahzadəsi Padmavatinin uydurma obrazının nümayiş olunduğunu iddia edirlər.
   Polis onlarla aksiyaçını saxlayıb. Hüquq-mühafizə orqanları onların kinoteatrların yaxınlığında yerləşən ticarət mərkəzlərinin önündə dayanan 150-dən çox motosikleti və avtomobili yandırdığını bildirib.
   Ölkə ərazisində kinoteatrların yerləşdiyi rayonlarda təhlükəsizlik tədbirləri gücləndirilib. Buna baxmayaraq, bir çox kinoteatrın rəhbərləri vandalizm aktından yayınmaq üçün filmin nümayişindən imtina edib.
   Hələ ötən il “Racput Karni Sena” qruplaşmasının üzvləri filmin rejissoru Sancaya Bhansaliyə hücum etmiş və çəkiliş meydançalarından birini dağıtmışdılar. Bundan başqa, onlar şahzadə Padmavati rolunun ifaçısı aktrisa Dipiki Padukonun başına 50 milyon rupi mükafat qoyublar.