Yanvarın 23-də Amerika Kino Akademiyasının “Oskar” mükafatına namizəd olan filmlərin qısa siyahısı açıqlanıb. Xatırladaq ki, ötən ilin dekabrında mükafatın əsas nominasiyaları uğrunda mübarizə aparacaq filmlərin geniş siyahısı elan olunmuşdu.
   Beləliklə, “Ən yaxşı film” nominasiyasında “Oskar” uğrunda “Məni öz adınla çağır”, “Qaranlıq zamanlar”, “Dünkerk”, “Ledi Börd”, “Kabus sapı”, “Məxfi dosye”, “Suyun şəkli”, “Ebbinq, Missuri sərhədində üç bilbord", “Rədd ol” filmləri yarışacaq.
   Qeyd edək ki, bir qədər əvvəl Martin Makdonaxın "Ebbinq, Missuri sərhədində üç bilbord" və Gilyermo del Toronun “Suyun şəkli” filmi “Ən yaxşı film” və “Ən yaxşı rejissor” nominasiyasında “Qızıl qlobus” mükafatını qazanıb.
   “Ən yaxşı rejissor” nominasiyasında “Oskar”a Kristofer Nolan (“Dünkerk”), Qreta Qerviq, (“Ladi Börd”), Pol Tomas Anderson (“Kabus sapı”), Gilyermo del Toro (“Suyun şəkli”) və Cordan Pil (“Rədd ol”) iddialıdır.
   “Ən yaxşı aktrisa” nominasiyası üzrə mükafata Salli Hokins, Sirşa Ronan, Meril Strip, “Ən yaxşı aktyor” adına Heri Oldman, Timoti Şalame, Deniel Dey-Lyuis və başqaları namizəddir.
   Sayca 90-cı “Oskar” mükafatının təqdimetmə mərasimi martın 4-də Los-Ancelesdə keçiriləcək.
   İlona