“Onun səhnə həyatı verdiyi tamaşaların finalı sanki ayrı bir tamaşa idi”
   
   Yanvarın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr rejissoru, pedaqoq, Xalq artisti Tofiq Kazımovun anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirildi.
   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri, dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Tofiq Kazımovun ailə üzvləri iştirak edirdi.
   Teatrın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunurdu.
   Tədbirdə Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azər Paşa Nemətov sənətkarın həyat və yaradıcılığından, Azərbaycan teatrının, rejissor sənətinin inkişafında xidmətlərindən söz açdı: “Sənətdə öz dəst-xətti olan böyük rejissor bir-birindən maraqlı səhnə əsərləri ilə tamaşaçılarını sevindirib. Tofiq Kazımov görkəmli sənətkar Səməd Mənsurun ailəsində böyüyüb. O, təkcə teatr xadimi deyil, həm də müharibə iştirakçısı idi. Daha sonra Moskvada təhsil aldı və Bakıya qayıtdıqdan sonra bir-birindən gözəl tamaşalar hazırladı. Sonralar Tofiq Kazımov özünü əsl sənətkar kimi sübut etdi. Onun çoxlu tələbələri olub, o, gözəl pyeslər, monoqrafiyalar yazıb. Tofiq Kazımov bir şəxsiyyət kimi Azərbaycan teatrına və mədəniyyətinə mühüm töhfələr ərməğan edib”. 
   Qeyd edildi ki, 1964-cü ildən 1980-ci ilədək Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov teatr tariximizə yazılan səhnə əsərlərinə - Şekspirin “Hamlet”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “Aydın”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” və digər tamaşalara quruluş verib. Vurğulandı ki, Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı onun adı ilə bağlıdır: “Tofiq Kazımovun quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapdı. Onun səhnə həyatı verdiyi tamaşaların finalı özlüyündə bir tamaşa idi”.
   Əməkdar incəsənət xadimi İlham Rəhimli rejissorun sənət yolu haqqında ətraflı məlumat verdi: “Tofiq Kazımov milli teatr tariximizin nəhənglərindən biridir. O, Azərbaycan teatr məkanında böyük bir inqilab etməyi bacarıb. Onun səhnələşdirdiyi tamaşaların 90 faizi hadisəyə çevrilirdi. Tofiq Kazımov Azərbaycanda yeganə rejissordur ki, öz üslubunu məkan daxilində dövlət teatrının prinsipinə çevirdi. 1964-cü ildə İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi ilə lirik-psixoloji üslubun bünövrəsini qoymuş oldu”.
   İlham Rəhimli qeyd etdi ki, Tofiq Kazımov cəsarətli rejissor olub, səhnələşdirdiyi bütün əsərlərə böyük sevgi ilə yanaşıb.
   Xalq artisti Hacı İsmayılov görkəmli sənətkarla bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, Tofiq Kazımov Azərbaycan rejissorluq məktəbinin ən görkəmli nümayəndələrindən biridir.
   Xalq artisti Rafiq Əzimov rejissorla ilk tanışlığını yada saldı: “Tofiq Kazımovla mənim tanışlığımın tarixi 60 il bundan öncəyə gedib çıxır. İlk görüşümüz məhz “Azərbaycanfilm” kinostudiyasında olub və bu məkanda ondan ilk xeyir-duanı almışam. Teatr sənəti ilə bağalı bir çox məsələni ondan əxz etmişəm. Bu teatrda Tofiq Kazımovun quruluş verdiyi səhnə əsərlərində iştirak etmişəm. Onun professionallıq məharəti, sənətə olan sevgisi Tofiq Kazımovu həmişə yaşadacaq, xatirəsi könüllərdə əzizlənəcək”. 
   Tədbir çərçivəsində Tofiq Kazımovun həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
   Daha sonra sənətkarın xatirəsinə görkəmli dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olundu. Vaxtilə Tofiq Kazımovun rejissorluğu ilə səhnə həyatı yaşamış əsərin yeni quruluş müəllifi Xalq artisti Azər Paşa Nemətovdur. Tamaşada böyük bəstəkar Qara Qarayevin yarım əsr öncə bu səhnə əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunur. 
   Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Anar Heybətov, Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, Əjdər Həmidov və başqaları rol alıb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
   
   Fariz Hüseynov