Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Qusarda Şahdağ Turizm Mərkəzinin növbəti inkişaf planları ilə tanış olub.
   Baş nazirin birinci müavini Yaqub Eyyubov dövlət başçısına kompleksin hazırkı vəziyyəti və bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verib. 
   Qeyd edilib ki, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək və 4,2 kilometr uzunluğunda yeni dağ-xizək eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəbliyinə görə də qırmızı dərəcəli zolaq olacaq.
   Bildirilib ki, bu il kompleksin əsas meydanında əyləncə infrastrukturunun qurulması da planlaşdırılır. Burada boulinq, tennis və digər stolüstü oyunlar zalı, kinoteatr, musiqi mərkəzi, həmçinin suvenir mağazaları, iaşə və xidmət obyektləri inşa ediləcək.
   Şahdağ Turizm Mərkəzinin yay mövsümündə də xidmət göstərməsi üçün burada göl yaradılacaq. Yay mövsümündə turistlər bu göldə həm üzəcək, həm də qayıqlarla səyahət edəcəklər. Qış mövsümündə isə bu göldən qaryaratma üçün ehtiyat mənbəyi kimi istifadə olunacaq.
   İkinci mərhələdə görülməsi planlaşdırılan işlərə bu ilin yaz aylarından başlanılacaq. Bunun üçün indidən hazırlıq işləri görülür.
   Dövlət başçısına kompleksin yol infrastrukturu barədə də ətraflı məlumat verilib. Bildirilib ki, kompleksin ərazisindən keçən Qusar-Ləzə yolu onun kənarından inşa olunacaq. Bu da imkan verəcək ki, yuxarı kəndlərin sakinləri kompleksin ərazisinə daxil olmadan hərəkət etsinlər. Hazırda bu yolun yarısının torpaq yatağı hazırlanıb. Qalan işlərin ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bu yeni yoldan kompleks ərazisinə iki giriş nəzərdə tutulub. Kompleksin girişində böyük avtomobil dayanacağının da istifadəyə verilməsi planlaşdırılır.
   Məlumat verilib ki, kompleksin üçüncü mərhələsi ilə bağlı layihələndirmə işləri aparılır.
   Kompleksin əsas meydanının ərazisi ilə tanış olan dövlət başçısı tapşırıq və tövsiyələrini verib.