Fevralın 5-də Azərbaycanın dahi bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycanın dövlət mükafatları laureatı, akademik Qara Qarayevin (1918-1982) anadan olmasının 100 ili tamam olur. Böyük musiqiçinin yubileyi silsilə tədbirlərlə qeyd ediləcək.
   “Qara Qarayevin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2017-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tədbirlər planı hazırlanaraq təsdiq edilib.
   Fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayev və Fərəc Qarayevin musiqisi əsasında “Qoyya” birpərdəli baletinin premyerası olacaq.
   Fevralın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində rəssam və fotoqrafların yaratdıqları Qara Qarayev obrazlarından ibarət "Qürur və Düha. Yaşayan əfsanə" adlı sərgi açılacaq.
   Həmin gün axşam Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
   Gecədə dirijorlar Rauf Abdullayev və Elşad Bağırovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), beynəlxalq müsabiqələr laureatı, skripka ifaçısı Elvin Hoca Qəniyev çıxış edəcək. 
   Bundan başqa, fevralın 1-də P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Qara Qarayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Konsertdə bəstəkarın “24 prelüd” silsiləsinin IV dəftərindən 6 prelüd, “Yeddi gözəl” baletindən fraqmentlər, digər əsərlər səslənəcək.
   Dünya şöhrətli bəstəkarın 100 illiyi Türkiyədə də qeyd ediləcək. 19-23 fevral tarixində İstanbulda “İSTAD - İstanbul” Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçiriləcək tədbirlərə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi də dəvət alıb.