Ötən illərin uğurları, davam edən layihələr qarşıda hələ böyük fəaliyyət üfüqlərinin olduğunu göstərir
   
   Yanvarın 30-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 12 ili tamam oldu. 12 il əvvəl Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövr idi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi ilə artan maliyyə imkanlarına mütənasib olaraq ölkədə geniş infrastruktur layihələrinə start verilmiş və eyni zamanda dövlət idarəçiliyində islahatlara zərurət yaranmışdı. 
      
   Təsadüfi deyil ki, həmin il ölkədə bir neçə yeni nazirlik fəaliyyətə başlamış, bəzi nazirliklərin fəaliyyət sahəsi və strukturunun yenilənməsi ilə bağlı qərarlar verilmişdi. Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyinin yaradılması da bu istiqamətdə islahatların davamı, mədəniyyət və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədi daşıyan mühüm qərar idi.
   Dövlət başçısı ertəsi gün, yanvarın 31-də Nazirlər Kabinetinin iclasında ölkənin inkişaf perspektivləri barədə danışarkən demişdir: “Bizim maliyyə imkanlarımız artır. Güclü sənaye potensialı yaradılmalı, infrastruktur layihələri həyata keçirilməlidir... Sosial və humanitar sahələrə də diqqət göstərəcəyik. Tarixi-mədəni irsimizin qorunması üçün lazımi tədbirlər görüləcəkdir. Mədəniyyət infrastrukturuna əlavə vəsait ayrılacaqdır. Bizim teatrlarımız, muzeylərimiz ən yüksək səviyyədə əsaslı təmir olunmalıdır... Görüləcək işlər çoxdur. Ölkəmizdəki sabitlik gələcək inkişafımızı müəyyən edəcəkdir”.
   Təbii ki, hər bir inkişaf özündən əvvəlki təmələ söykənir. 1991-ci ildə yenidən istiqlalına qovuşan Azərbaycanın dövlət quruculuğunun müxtəlif sahələrində, o cümlədən mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərin də təməli 70-80-ci illərdə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə qoyulmuşdu. Ulu öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də daima mədəniyyətimizin himayədarı olmuş, bu sahəyə diqqət və qayğısını əsirgəməmişdir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
   
   Tarixi-mədəni irsə bağlılıq və modernləşmə
   
   Prezident İlham Əliyevin respublikaya rəhbərliyi ilk illərdən tarixi-mədəni irsə bağlılıqla bərabər, modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi və islahatlarla müşayiət olunmuşdur. Ölkə başçısının mədəniyyət və turizm sahələrində dövlət siyasətinin həyata keçirilməsini bir nazirliyin fəaliyyətində birləşdirmək qərarı da bunun nümunəsidir. Çağdaş dünyada mədəni irs, incəsənət və əyləncə sənayesi turistik məkanlar, istirahət və xidmət sektoru ilə sıx bağlı olan, eyni zamanda bir-birini tamamlayan, qarşılılıqlı inkişafı təşviq edən sahələrdir. Bu baxımdan 2006-cı ildən etibarən Azərbaycanın artan iqtisadi imkanları mədəniyyət və turizm sahələrində də uzunmüddətli proqram və layihələrə zəmin yaratmışdı. 
   Dövlət başçısı tərəfindən Mədəniyyət və Turizm Nazirliyi qarşısında qoyulan vəzifələr mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması, turizm sektorunun sürətli inkişafının təşviq edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı idi. Ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət və turizm sahələrinə böyük diqqət göstərilmiş, bu sahələrlə bağlı 600-dən çox fərman və sərəncam imzalanmışdır. Dövlət başçısının sərəncamları ilə təsdiq olunan proqram sənədlərdən bir qismi (“Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə”, “2010-2014-cü illərdə turizmin inkişafına dair”) yekunlaşmış, digərləri ("Azərbaycan kinosu 2008-2018-ci illərdə", “Azərbaycan teatrı 2009-2019-cu illərdə”, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı” (2014-2020-ci illər), “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”) icra edilməkdədir. 
   Mədəniyyətimizə diqqət və qayğıdan danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, mədəni irsimizin himayədarı Mehriban Əliyevanın bu sahədə müstəsna xidmətlərini qeyd etmək lazımdır. Mehriban xanımın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açmışdır. 2007-ci ildə Qobustan qayaüstü rəsmləri, 2009-cu ildə Azərbaycanın aşıq sənəti və ölkəmizin yaxından iştirakı ilə beynəlxalq nominasiya kimi təqdim olunan Novruz bayramı, 2010-cu ildə xalça sənətimiz, 2012-ci ildə tar ifaçılığı, 2013-cü ildə Qarabağ atları üzərində çövkən milli oyunu, 2014-cü ildə kəlağayı sənəti, 2015-ci ildə Lahıc misgərlik sənəti, 2016-cı ildə ölkəmizin Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanla birgə təqdim etdiyi lavaş - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti, nəhayət, 2017-ci ildə milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi, habelə kamança musiqi alətinin hazırlanması və ifaçılıq sənəti UNESCO-nun müvafiq siyahılarına salınmışdır. Bu irs nümunələri ilə bağlı fayllar Azərbaycanın birinci xanımının dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, digər qurumların birgə əməkdaşlığı ilə hazırlanaraq UNESCO səviyyəsində dəstək qazanmışdır.
   Sözsüz ki, Azərbaycanın irs nümunələrinə diqqət ayrılması ölkəmizin bu mötəbər təşkilatla sıx əlaqələrinin təsdiqidir. Bu kontekstdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 2017-ci ilin yekunlarına dair kollegiya iclasında söylədiyi fikri xatırlatmaq istərdik. Nazir muğam, tar və kamança sənətinin UNESCO siyahısına daxil edilməsini musiqi sənətimiz üçün böyük önəm kəsb etdiyini vurğulamışdır: “Bu o deməkdir ki, Azərbaycan xalqına məxsus olan muğam üçlüyü - yəni xanəndə, tar və kamança ifaçılığı - bütövlükdə bəşəriyyətin mədəniyyət inciləri sırasında yer alıb. Bu, dünya musiqi ifaçılığı sənətində bənzəri olmayan hadisədir”.
   
   Azərbaycanı dünyaya tanıdan musiqi
   
   Musiqi sənətimizin inkişafı və təbliğindən söz düşmüşkən 2009-cu ildə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bu il “Muğam aləmi” festivalı 5-ci dəfə, Üzeyir Hacıbəyli və Qəbələ festivalları 10-cu dəfə gerçəkləşərək kiçik yubileylərini qeyd edəcək. Müasir mədəniyyət tariximizə yeni səhifələr yazmış bu festivallarla yanaşı ötən müddətdə Bakı Caz Festivalı, Rostropoviç Musiqi Festivalı, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi müxtəlif ölkələrdən tanınmış ifaçıları bir araya gətirən, dünya musiqi xəritəsində Azərbaycanı tanıdan layihələrə çevrilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə bu il ikincisi keçiriləcək Qəmər Almaszadə adına Beynəlxalq Rəqs Müsabiqəsi də bu sıraya öz adını yazmışdır.
   Bu illərdə Azərbaycan musiqi sənəti dünya səhnələrini fəth etmiş, ifaçılarımız yüzlərlə sənət yarışmasında uğur qazanmışdır. TÜRKSOY-un təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ü.Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun” operaları türkdilli ölkələrdən sənətçilərin iştirakı ilə tamaşaya qoyulmuş, Qara Qarayevin “Yeddi gözəl” baleti ilk dəfə ABŞ-da (2014) səhnə həyatı qazanmışdır. Şərqin ilk operası olan “Leyli və Məcnun” bu il ilk dəfə Moskvada nümayiş olunacaq. 
   2017-ci ildə Azərbaycan Dövlət Rəqs Ansamblının sənət salnaməsinə yeni səhifə yazılmışdır. Kollektiv nazirlik tərəfindən dəvət olunmuş məşhur xoreoqraf, Rusiyanın Xalq artisti Dikalu Muzakayevin bədii rəhbərliyi ilə hazırlanan “Mənim Azərbaycanım” adlı konsert proqramını Moskvada, bu günlərdə isə İstanbulda uğurla təqdim etmişdir. 2017-ci ildə musiqi sahəsində əlamətdar hadisələrdən biri də respublikanın ikinci böyük şəhərində - Gəncədə möhtəşəm filarmoniya binasının dövlət başçısının iştirakı ilə açılışı olmuşdur. 
   
   Teatr sənəti üçün yaddaqalan illər
   
   Ötən dövr, o cümlədən 2017-ci il Azərbaycan teatr sənəti üçün də yaddaqalan olmuşdur. MDB məkanında ilk dəfə ölkəmizdə "Teatr və teatr fəaliyyəti haqqında" qanun (2007), habelə yuxarıda qeyd etdiyimiz “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı qəbul edilmişdir. Prezidentin müvafiq sərəncamları ilə paytaxtdakı beş teatrın (Kukla, Rus Dram, Gənc Tamaşaçılar, Milli Dram, Musiqili teatrlar), eləcə də Mingəçevir, Füzuli, Ağdam, Şəki, Sumqayıt dram, Gəncə kukla teatrlarının binaları əsaslı şəkildə təmir-bərpa olunmuş, İrəvan, Şuşa, Pantomima teatrlarına binalar verilmişdir. 
   Teatrların maddi-texniki bazasının yaxşılaşdırılması yaradıcı fəaliyyəti də təşviq edir. Bu illər ərzində teatr kollektivləri 30-dan çox ölkədə qastrol səfərində olmuş, onlarla beynəlxalq festivala qatılmışlar. 2017-ci ildə Milli Dram Teatrı Varnada (Bolqarıstan) festivalda, Musiqili Teatr İranda Fəcr festivalında və Azərbaycan mədəniyyəti günlərində, Dövlət Rus Dram Teatrı Rusiya Federasiyasının şəhərlərində, Gənc Tamaşaçılar Teatrı Qazaxıstanda festivalda, Tbilisi (Gürcüstan), Vladiqafqaz, Qroznı və Elista şəhərlərində (Rusiya) qastrollarda, Yuğ Teatrı Qazaxıstanda Xəzəryanı ölkələrin ilk festivalında, Mingəçevir teatrı Türkiyədə, Lənkəran teatrı İranda çıxış etmişdir.
   Ölkəmiz teatrla bağlı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Bakıda ənənəvi Beynəlxalq Teatr Konfransı (2010, 2012, 2014, 2016) və Beynəlxalq Kukla Teatrları Festivalı (2011, 2013), Şəkidə “Üç məkan” Beynəlxalq Teatr Festivalı (2014, 2016) təşkil olunmuşdur. 2017-ci ildə regionlarda və Bakıda II Respublika Xalq Teatrları Festivalı keçirilmişdir. Ötən il həmçinin üçcildlik “Azərbaycan Teatr Ensiklopediyası”nın nəşrinin başa çatması ilə əlamətdar oldu. 2018-ci ildə peşəkar milli teatrımızın 145 yaşı yeni yaradıcılıq layihələri ilə geniş qeyd ediləcək.
   
   Regionların mədəni zənginliyi
   
   Nazirlik tərəfindən regionlarda mədəniyyət ocaqlarının yenidən qurulması, tarixi-mədəni abidələrin təmir-bərpası ilə yanaşı, bu sahədə qabaqcıl dünya təcrübəsi nəzərə alınaraq yeni proqramlar həyata keçirilir. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi məqsədilə 2010-2014-cü illərdə reallaşdırılan “Xalq Yaradıcılığı Paytaxtları” proqramı (“əfsanələr”, “folklor”, “sənətkarlıq” nominasiyaları üzrə), 2015-ci ildə “Ədəbiyyat paytaxtı” və “Milli mətbəx paytaxtı” nominasiyalarının elan olunması bu qəbildəndir. 2015-2016-cı illərdə həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi Bakı sakinlərini şəhər və rayonlarımızın sosial-iqtisadi inkişafı, mədəni irsi ilə tanış etmiş, layihə çərçivəsində bölgələrin el sənətkarlığını, mətbəxini, turizm potensialını əks etdirən sərgilər, bədii kollektivlərin konsertləri keçirilmişdir.
   Bu illərdə bir sıra regional layihələr geniş miqyas qazanaraq beynəlxalq tədbirlərə çevrilmişdir. Qəbələdə mürəbbə, Şəkidə şirniyyat festivalları buna nümunədir. 2016-cı ildə Abşeron rayonunda, 2017-ci ildə Xaçmazda keçirilən Dolma festivalında, eləcə də nazirliyin dəstəyi və Milli Kulinariya Mərkəzinin layihəsi üzrə artıq ənənə halını almış Plov festivalında müxtəlif ölkələr təmsil olunmuşdur.
   Sevindirici haldır ki, bəzi bölgələrimiz həmçinin beynəlxalq təşkilatlar formatında “mədəniyyət paytaxtı” adını qazanmışdır. 2013-cü ildə Qəbələnin “MDB-nin mədəniyyət paytaxtı”, 2016-cı ildə Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi regionlarımızın mədəni irsinin, turizm imkanlarının tanıdılmasına əlavə imkanlar açmışdır. 2017-ci ildə Şəki şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınmışdır. 
   Nazirlik tərəfindən “Azərbaycan - doğma diyar” devizi altında 2006, 2008, 2011, 2014 və 2016-cı illərdə keçirilmiş milli azlıqların incəsənət festivalları ölkəmizdə mədəni müxtəlifliyin nümayişi olmuşdur. Prezident tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması respublikamızdakı mədəni zənginliyin, tolerantlıq mühitinin dünyaya təqdimatı üçün mühüm fürsət yaratmışdır.
   
   Muzey və qoruqlarda müasir standartların tətbiqi
   
   Nazirlik fəaliyyətə başlayarkən qarşıya qoyulan vəzifələr sırasında şəhər və rayonlarda muzey şəbəkəsinin genişləndirilməsi və müasir tələblər səviyyəsində qurulması, tarix-mədəniyyət qoruqlarının turistik imkanlarının inkişaf etdirilməsi də mühüm yer tuturdu. Prezidentin ölkədə muzey işinin yaxşılaşdırılması haqqında 2007 və 2009-cu illərdə imzaladığı sərəncamların icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. Ölkə başçısının regionlara demək olar ki, hər səfəri yeni muzey binasının açılışı ilə yadda qalır. 
   Hazırda nazirliyin tabeliyində 200-dən çox muzey fəaliyyət göstərir ki, onların üçdəbiri tarix-diyarşünaslıq muzeyləridir. Muzey işinin genişlənməsində yerlərdə yaradılan Heydər Əliyev mərkəzləri mühüm rol oynayır. Qobustan Milli Tarixi-Bədii Qoruğunun yeni muzey kompleksi, Qız qalasında yaradılan ekspozisiya müasir texnologiyaların uğurlu tətbiqinin nəticəsidir. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində işlər davam etdirilir. Nazirliyin Avropa İttifaqının dəstəyi və İtaliyanın müvafiq sahə üzrə nazirliyinin iştirakı ilə reallaşdırdığı Tvinninq layihəsi çərçivəsində 2017-ci ildə İtaliyaya təlim səfərləri, Bakıda muzey işçiləri üçün treninqlər təşkil edilmişdir. Şəhər və rayonlardakı rəsm qalereyaları da təmir edilir, yeni ekspozisiyalar yaradılır, bu məkanlarda müntəzəm tədbirlər keçirilir.
   Azərbaycanın zəngin mədəni irsinin qorunub-saxlanılması daim diqqət mərkəzindədir. Prezidentin fərmanı (2014) ilə yaradılan Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu sahədə işlərin kompleks şəklində həyata keçirilməsini təmin edir. Prezidentin sərəncamları ilə 2007-ci ildə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna “Milli qoruq” statusu verilmiş, Abşeron rayonunda “Yanardağ”, Ağstafa rayonunda “Keşikçidağ”, Bakının Suraxanı rayonunda “Atəşgah məbədi”, Quba rayonunda “Xınalıq” tarix-mədəniyyət, tarix-memarlıq və etnoqrafiya qoruqları təşkil edilmişdir. Nazirlik tərəfindən Tokio Universiteti və AMEA ilə birlikdə Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunda beşillik plan həyata keçiriləcək. Tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi bu məkanlara turist axınını artırır. Əgər 2016-cı ildə qoruqları 356 min nəfər ziyarət etmişdisə, 2017-ci ildə bu rəqəm 486 min olmuşdur.
   
   Nəşriyyat və kitabxana işində yeniliklər
   
   Ötən 12 ildə Azərbaycan kitabları nazirlik tərəfindən müxtəlif ölkələrdə sərgi-yarmarkalarda təqdim olunmuş, beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülmüşdür. 2009-cu ildən etibarən nazirliyin təşkilatçılığı ilə Bakıda ənənəvi (iki ildən bir) beynəlxalq kitab sərgi-yarmarkası keçirilir. 2017-ci ilin sentyabrında gerçəkləşən V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 100-dək yerli, xarici ölkələrdən 40-dək nəşriyyat, digər qurumlar iştirak etmiş, yarmarka çərçivəsində çoxsaylı tədbirlər, “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi konfrans təşkil olunmuşdur.
   Kitabxana-informasiya sahəsi dünyanın qabaqcıl ölkələri ilə müqayisə ediləcək səviyyədə yenidən qurulur. Azərbaycan Milli Kitabxana-İnformasiya Mərkəzi (AZLİBNET) yaradılmışdır. Bu sahədə digər mühüm layihə ölkə kitabxanalarını vahid məkanda birləşdirən mərkəzləşdirilmiş elektron kitabxana sisteminin (ALİSA) qurulmasıdır. Nazirliyin dəstəyi ilə 2017-ci ildə ikinci dəfə keçirilən Buktreyler festivalı kitab və mütaliənin təbliği baxımından diqqətəlayiq hadisədir.
   Kitabxana işi sahəsində bu gün qarşıda duran başlıca vəzifə müasir informasiya texnologiyalarının, innovativ təcrübənin tətbiqinin sürətləndirilməsidir. Bu məqsədlə yeni layihələr həyata keçirilir, kafe-kitabxana, “açıq kitabxana”, səyyar kitabxana xidməti təşkil edilir.
   
   Milli kinematoqrafın inkişafı
   
   Arxada qalan 12 ilə nəzər salarkən milli kino salnaməsinə də uğurlu səhifələr yazıldığını görə bilərik. 2006-2017-ci illərdə 40-dan çox tammetrajlı, onlarla qısametrajlı bədii film, 200-dək sənədli ekran əsəri lentə alınmışdır. Müqayisə üçün qeyd edək ki, 1996-2005-ci illərdə 16 tammetrajlı bədii film çəkilmişdi. Kinoda gənclərə geniş meydan açılmış, 60-dan çox rejissor özünün ilk ekran əsərini çəkmişdir. Filmlərimiz 40-dan artıq ölkədə beynəlxalq festivallarda iştirak etmiş, təkcə 2017-ci ildə 15 ekran əsəri 20 ölkədə keçirilən 39 beynəlxalq festivalda nümayiş olunaraq 19 mükafat qazanmışdır.
   2009-cu ildə istifadəyə verilən Azərbaycan Dövlət Film Fondunun binası texniki imkanlarına görə dünyada ən müasir kino-arxiv müəssisələrindən biridir. Əsaslı yenidənqurma işlərindən sonra 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilməsi müasir səviyyəli kino prokatının əsasını qoymuşdur. Təsadüfi deyil ki, dövlətin bu sahədə nümunə olan addımından sonra yüksək standartlara cavab verən özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlamışdır. 2017-ci il kino prokatı sahəsində əlamətdar hadisə ilə yadda qalmış, mədəniyyət və turizm nazirinin əmri ilə sentyabrın 15-i ölkədə kino mövsümünün başlanğıc günü elan olunmuş, şəhər və rayonlarda ümumilikdə 240-dan çox mədəniyyət müəssisəsində film nümayişi təşkil edilmişdir.
   
   Turizm sənayesi: infrastruktur, xidmət və təbliğat
   
   2006-cı ildə ölkənin turizm və mədəniyyət siyasətinin uzlaşdırılması yeni təşəkkül tapan milli turizm sənayesinin inkişafını sürətləndirmək məqsədi daşıyırdı. Dünya ölkələrinin təcrübəsinə nəzər salsaq görərik ki, turizmin inkişafı üç əsas istiqaməti ehtiva edir: infrastruktur, xidmət keyfiyyəti və təbliğat. Azərbaycanda da bu sahədə reallaşdırılan layihələr hər üç istiqaməti əhatə edir. Qusar rayonu ərazisində dövlət dəstəyi ilə regionun ən iri dağ-xizək kompleksi - Şahdağ Turizm Mərkəzi yaradılmışdır. Qəbələdəki “Tufandağ” kompleksi də ölkədə qış turizminin inkişafına töhfədir.
   2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramının icrası, 2011-ci ilin Prezident tərəfindən “Turizm ili” elan edilməsi ilə bağlı həyata keçirilən tədbirlər, sonrakı illərdə ayrı-ayrı turizm növlərinin təşviqinə yönələn layihələr bu sahədə əsas problem olan mövsümiliyin aradan qaldırılmasına, Azərbaycanın ilin bütün fəsillərində cəlbedici turizm ölkəsi kimi tanınmasına zəmin yaratmışdır.
   Ölkəmizin turizm imkanları hər il nazirliyin təşkilatçılığı, sektor təmsilçilərinin iştirakı ilə müxtəlif ölkələrdə sərgilərdə nümayiş olunur. Dünyanın aparıcı telekanallarında, media səhifələrində Azərbaycan turizminin təbliği həyata keçirilir. Nazirliyin Birləşmiş Ərəb Əmirlikləri (Körfəz regionu), Almaniya, Rusiya və Türkiyədə turizm təmsilçilikləri fəaliyyət göstərir. 2001-ci ildən etibarən Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi (AİTF) onlarla ölkənin turizm təmsilçilərinin işgüzar ünsiyyət platforması, eyni zamanda respublikamızın bu sahədə potensialının təqdimat meydanıdır.
   Son iki ildə dövlət başçısının imzaladığı fərman və sərəncamlar turizm sənayesinin sürətli inkişafını təmin etmişdir. 2016-cı ildən xarici turistlər üçün “Tax free” sisteminin tətbiqi, 2017-ci ildən elektron vizaların verilməsində yeni mərhələnin - “ASAN Viza” sisteminin fəaliyyətə başlaması ölkəyə turist axınına təkan vermişdir. 2016-cı ildə xarici qonaqların sayı 11 faiz, 2017-ci ildə isə 20 faiz artaraq 2,7 milyona çatmışdır.
   2017-ci ildə fəaliyyətə başlayan Turizm Şurası bu sahədə Mədəniyyət və Turizm Nazirliyi və digər qurumlar arasında koordinasiyanı həyata keçirir. Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunan “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Turizm Şurasında çimərlik turizminin inkişafı, yeni turizm və rekreasiya zonalarının təşkili və s. məsələlər nəzərdən keçirilmiş, müvafiq qərarlar qəbul olunmuşdur. Ötən ildən Bakıda ticarət festivallarının (“shopping festival”) keçirilməsi, bu festivallarda “Tax free” sisteminin yerli sakinlərə də şamil edilməsi daxili turizmin inkişafına əlavə zəmin olmuşdur. Nazirliyin Milli Turizm Təbliğat Bürosu, Azərbaycan Konqreslər Bürosu, bölgələrdəki turizm-informasiya mərkəzləri çeşidli layihələr həyata keçirirlər. Azərbaycanın sağlamlıq turizmi imkanları beynəlxalq miqyasda tanınmağa başlamış, Qalaaltı kurortu 2016-cı ildən nazirliyin dəstəyi ilə “Termal şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulmuşdur. 
   Turizm sektoru üçün peşəkar mütəxəssislərin hazırlanması günün vacib tələblərindəndir. Hər il Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci, eləcə də Bakı Turizm Peşə Məktəbi tərəfindən məzun olan yüzlərlə gənc bu sahədə fəaliyyətə başlayır. Yaxın vaxtlarda Qusar rayonunda Şahdağ Turizm Mərkəzinin bazasında regional turizm peşə məktəbi açılacaq.
   
   Bədii təhsilə dövlət qayğısı
   
   Təhsildən söz düşmüşkən, ötən illərdə ölkəmizdə bədii təhsilin inkişafı, uşaq musiqi və incəsənət məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində görülən işləri də qeyd etməliyik. Paytaxtda və regionlarda onlarla musiqi və incəsənət məktəbinin yeni binaları inşa edilmiş, mövcud binalar əsaslı təmir olunmuş və yenidən qurulmuşdur. 2017-ci ilin dekabrında bu sıraya paytaxtın daha iki tədris ocağı - 21 nömrəli (Rostropoviçlər adına) və 34 nömrəli musiqi məktəbləri əlavə olundu. 
   Təhsil ocaqlarında tədrisin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədilə müsabiqələrin təşkili nazirliyin fəaliyyətinin mühüm istiqamətlərindəndir. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumtəhsil, orta ixtisas və ali təhsil pilləsində tədris verən Bakı Xoreoqrafiya Akademiyasının yaradılması milli xoreoqrafiya sənətinin inkişafına dövlət qayğısının bariz nümunəsidir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi sistemində 200-dən çox uşaq musiqi, incəsənət və rəssamlıq məktəbində müxtəlif ixtisaslar üzrə tədris aparılır.
   
   Ölkəmizin dünyaya təqdimatı 
   
   Ötən 12 il mədəni irsimizin dünyada təbliği baxımından da əlamətdar olmuşdur. Xalça ustası Lətif Kərimovun (2006), Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının (2008), “Arşın mal alan” operettasının (2013), görkəmli yazıçı Mir Cəlal Paşayevin (2008), Xalq rəssamı Səttar Bəhlulzadənin (2009), Xalq yazıçısı İlyas Əfəndiyevin (2014) 100 illik yubileyləri, böyük mütəfəkkir Seyid Yəhya Bakuvinin vəfatının 550, şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900 (2013), “Kitabi-Dədə Qorqud”un alman dilinə tərcüməsi və nəşrinin 200 illiyi (2015) UNESCO səviyyəsində qeyd edilmişdir. UNESCO-nun 2016-2017-ci illər üzrə yubileylər proqramında böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin (1369-1417) vəfatının 600-cü ildönümü, almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi və görkəmli şair Molla Pənah Vaqifin (1717-1797) 300 illik yubileyi yer almışdır. 2018-ci ildə UNESCO-nun yubileylər proqramına dahi bəstəkar Qara Qarayevin 100 illiyi daxil edilmişdir.
   2009-cu ildə Bakı şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi Azərbaycanın zəngin mədəni irsinin və müasir inkişafının dünyaya təqdimatı üçün tarixi bir imkan idi. 2018-ci ildə bu mühüm missiyanı ölkəmizin qədim mədəniyyət mərkəzi olan Naxçıvan şəhəri davam etdirəcək.
   
   “Bakı Prosesi” - beynəlxalq dialoq platforması
   
   Azərbaycan BMT, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İSESCO, MDB, TÜRKSOY və başqa təşkilatlarla mədəniyyət və turizm sahəsində səmərəli əməkdaşlıq qurmuşdur. 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” beynəlxalq platformaya çevrilmişdir. Azərbaycan paytaxtı 2010-cu ildən Beynəlxalq Humanitar Foruma, 2011-ci ildən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi Azərbaycanın dünyaya sülh mesajı oldu. 
   2017-ci ilin mayında Bakıda dördüncü dəfə reallaşan Dünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin hesabatında və qurumun baş katibinin xüsusi məruzəsində dünyanın mədəniyyətlərarası dialoq mövzusunun əsas tərkib hissəsi kimi qeyd edilmişdir. Forumda Azərbaycan Respublikası və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən “Mədəniyyətlərarası dialoqda liderlik naminə “Bakı Prosesi” mükafatı” təsis edilmişdir. Mükafat “Bakı Prosesi”nin 10 illik yubileyi münasibətilə 2018-ci ildə təqdim olunacaq. 
   Ötən illərdə nazirliyin iştirakı ilə həyata vəsiqə alan beynəlxalq festival, sərgi və müsabiqələr Azərbaycanı mötəbər tədbirlərin ev sahibi kimi tanıtmışdır. Bu sırada 2011-ci ildə əsası qoyulan “Fusion doll” Beynəlxalq Kukla Biennalesi, 2017-ci ildə dördüncü dəfə keçirilən Bakı Beynəlxalq Turizm Filmləri Festivalı, ötən il üçüncüsü gerçəkləşən Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi, Beynəlxalq İdman Filmləri Festivalı və s. layihələri qeyd edə bilərik. 
   2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları, 2016-cı ildən təşkil olunan Formula 1 Azərbaycan Qran-prisi, 2017-ci ildə ev sahibliyi etdiyimiz IV İslam Həmrəyliyi Oyunları eyni zamanda ölkəmizin zəngin mədəni irsinin, paytaxtın turistik gözəlliyinin tanıdılması baxımından mühüm bir fürsət olmuşdur. 2017-ci ilin oktyabrında gerçəkləşən Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium bəşəriyyətin xəzinəsində yer alan xalq sənətimizin daha bir təntənəsi idi.

   Vətəndaşlarla ünsiyyət - problemlərin operativ həlli
   
   Ötən il həmçinin Mədəniyyət və Turizm Nazirliyinin yeni regional idarəetmə sistemi üzrə fəaliyyətinin ilk ili oldu. Ölkə başçısının 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və 15 regional idarəsi 2017-ci ildə fəaliyyətə başlamışdır. Həyata keçirilmiş struktur islahatları mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunması, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması məqsədi daşıyır.
   Nazirliyin regionlarla bağlı fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, mədəniyyət və turizm xidmətinin yaxşılaşdırılması, problemlərin operativ şəkildə aradan qaldırılması və vətəndaş təşəbbüskarlığının təşviq olunmasında yerlərdə əhali ilə mütəmadi görüşlər mühüm rol oynayır. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bu cür qəbullar 2014-cü ildən etibarən Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunur. Ötən müddətdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 40-dan çox şəhər və rayonda vətəndaşlarla görüşləri keçirilmişdir.
   * * *
   Ötən 12 ildə görülən işlər, əldə olunan nəticələr, davam edən layihələr qarşıda hələ böyük fəaliyyət üfüqlərinin olduğunu göstərir. Bu gün ölkəmizdə mədəniyyət və turizm sahələrinin ahəngdar inkişafının təmin olunması ilk növbədə Azərbaycan Prezidentinin bu sahələrə diqqət və qayğısının, dövlət başçısının müvafiq göstəriş və tapşırıqlarının yerinə yetirilməsi üçün çalışan on minlərlə insanın əməyinin nəticəsidir.
   2018-ci il ölkəmizin həyatında mühüm hadisələrlə zəngin olacaq. Bu il Azərbaycan xalqının müsəlman Şərqində tarixə bəxş etdiyi Cümhuriyyətin əsrlik yubileyidir. Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuşdur. Ölkə başçısı tariximizin bu şanlı səhifəsindən bəhs edərək demişdir: “Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır”.
   Xalqın böyüklüyü, istedadı eyni zamanda onun mədəni irsində, dünyaya tanıdılmasında özünü göstərir. Azərbaycanın zəngin mədəniyyətinin, tarixi qonaqpərvərlik ənənələrinin daha da inkişaf etdirilməsi və layiqincə təqdim olunması üçün çalışan hər kəsə - Mədəniyyət və Turizm Nazirliyinin bütün kollektivinə, müvafiq struktur və qurumlarına bu yolda yeni uğurlar arzu edir, əlamətdar ildönümü münasibətilə ən xoş diləklərimizi çatdırırıq.
   
   “Mədəniyyət”