Jurnalist yazıları müsabiqəsinə yekun vurulub
   
   Yanvarın 26-da Müəllif Hüquqları Agentliyi (MHA) və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) ötən il elan etdiyi “İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub. Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, media rəhbərləri iştirak ediblər.    
   Müəllif Hüquqları Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov tədbiri açaraq informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı dövründə müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunmasının xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycanın son illər iqtisadi sahədə böyük uğurlara imza atması, eləcə də qlobal reytinq göstəricilərinin yüksəlməsi əqli mülkiyyət və müəllif hüquqlarının qorunması sahəsinə də müsbət təsirini göstərir. O, Dünya İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik indeksinin "Əqli mülkiyyətin qorunması" alt göstərici üzrə ölkəmizin dünyada 37-ci yeri tutmasını bu sahədə mühüm uğur kimi qiymətləndirib.
   K.İmanov son illər ölkə rəhbərliyinin qayğısı ilə agentliyin maddi-texniki və institusional bazasının möhkəmləndirilməsi, qarşıda duran vəzifələrdən söz açaraq fəaliyyətlərinin ictimaiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin mühüm rolunu qeyd edib.
   KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxışında 2009-cu ildə yaradılan qurumun fəaliyyətindən bəhs edib, ötən dövrdə müxtəlif təşkilatlarla birgə yazı müsabiqələri keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, sözügedən müsabiqəyə 22 kütləvi informasiya vasitəsindən 35 yazı təqdim olunub. Yazılar hər iki qurumun ekspertləri tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib. 
   Milli Məclisin deputatı Siyavuş Novruzov, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov keçirilən birgə müsabiqənin jurnalistlərin əqli mülkiyyət hüquqlarının qorunması, onların bu sahədə maarifləndirilməsi baxımından vacibliyini vurğulayıblar.
   Sonra müsabiqənin nəticələri elan edilib, diplomlar, təşəkkürnamə və fəxri fərmanlar, müvafiq pul mükafatları təqdim edilib. “Mədəniyyət” qəzetinin redaktoru Vüqar Əliyev birinci yerə layiq görülüb.