Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Şuşa şəhər MKS-də 1992-ci ilin 26 yanvarında Daşaltı əməliyyatı zamanı xəyanət qurbanı olmuş hərbçilərin xatirəsi anılıb.
   Tədbiri Şuşa rayon MKS-nin direktoru Gülsarə Abbasova açıb. Sonra rayon İcra Hakimiyyəti başçısının müavinləri Əkbər Hacıyev və Vüsalə Fətəliyeva, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Zahid Abbasov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Şuşa rayon şöbəsinin sədri Ağalar Əliyev çıxış edib. 
   Şəhidlərin ailə üzvləri Cahid Ələkbərov, Nazilə Əzizova, Ürfanə Məhərrəmova, Aybəniz İsmayılova həlak olmuş əzizləri ilə bağlı xatirələrini bölüşüblər. Kitabxananın fəal oxucuları şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.
   Xatırladaq ki, Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin erməni silahlı dəstələrindən azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat zamanı hərbi bölüklərimiz pusquya düşmüş, 70-dən çox hərbçimiz həlak olmuşdu.