Tanınmış azərbaycanlı xormeyster, Əməkdar artist Elnarə Kərimovanın Türkiyədəki yaradıcılıq fəaliyyətinin 25 illiyi münasibətilə Ankarada konsert təşkil edilib. Türkiyənin Prezident Administrasiyası Simfonik Orkestr salonunda keçirilən tədbir yerli musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.
   Elnarə Kərimova 25 ildir TRT-nin Ankara radiosunun xoruna rəhbərlik edir. O, uzun illər Bilkənt və Hacettepe universitetlərində pedaqoji fəaliyyətlə də məşğul olub. Xormeyster 1999-cu ildən bədii rəhbəri və baş dirijoru olduğu “Orfeon” kamera xoru ilə bir sıra nüfuzlu beynəlxalq müsabiqənin qalibi və laureatı olub.
   İncəsənət xadiminin yaradıcılıq yubileyinə həsr edilən konsert proqramında TRT-nin Ankara radiosunun xoru, İstanbul estrada və caz orkestri, eləcə də tanınmış solistlər çıxış edib, Azərbaycan, Türkiyə, həmçinin digər ölkələrin tanınmış bəstəkarlarının əsərləri, estrada və opera musiqisi, xalq mahnıları səsləndirilib.
   Qara Qarayevin “İldırımlı yollarla” baletindən parçalar, Antonio Vivaldinin “Qloria” əsəri, Türkiyənin Qara dəniz bölgəsinin dillər əzbəri olan xalq mahnıları və “Şeyx Şamil” rəqsinin bu konsert üçün xüsusi olaraq aranjiman edilmiş estrada versiyası Elnarə Kərimovanın dirijorluğu ilə təqdim olunaraq dinləyicilərə yüksək zövq yaşadıb.
   Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov və digər rəsmi şəxslər də tamaşaçılar arasında olub.