Prezident İlham Əliyev fevralın 1-də “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Yaradıcılıq mərkəzi Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş Xalq yazıçısı, görkəmli kinodramaturq və rejissor, Dövlət mükafatı laureatı Maqsud İbrahimbəyovun xatirəsini əbədiləşdirmək məqsədilə təsis edilib. 
   Sərəncama əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi və fəaliyyətinin təmin olunması üçün əlavə 220 min manat vəsait ayrılıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Mərkəzin təsis edilməsi ilə əlaqədar təşkilati məsələləri həll etmək tapşırılıb.