“Shaheen Airlines” şirkəti iyun ayından Bakıya uçuşlar təşkil etmək niyyətindədir
   
   Fevralın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Səid Xan Mohmand, Pakistanın Kommersiya və Sənaye Palatasının prezidenti Zahid Latif Xandanın yer aldığı nümayəndə heyətini qəbul edib.
   Görüşdə Əbülfəs Qarayev Azərbaycanın turizm potensialı, son illər ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlər, qəbul edilmiş normativ-hüquqi sənədlər və gələcəkdə bu sahədə həyata keçiriləcək layihələr haqqında geniş məlumat verib. Ölkəmizin beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman barədə danışan Əbülfəs Qarayev bunun turizmin inkişafı istiqamətində atılan növbəti mühüm addımlardan biri olduğunu bildirib. 
   Ötən il Azərbaycana gələn turist sayının 20 faiz artdığını diqqətə çatdıran nazir Pakistandan da ölkəmizə turist səfərlərinin artırılması istiqamətində ikitərəfli əməkdaşlıq üçün imkanların olduğunu deyib.
   Pakistanın səfiri Səid Xan Mohmand qəbula görə nazirə təşəkkür edərək fəaliyyəti dövründə Azərbaycanın turizm imkanları ilə tanış olmaq fürsəti yarandığını və bu barədə Pakistanın iş adamları və iri biznes qurumlarının rəhbərlərini məlumatlandırdığını vurğulayıb. Diplomat bununla iki ölkə arasında turizm əməkdaşlığına töhfə vermək istədiyini bildirib.
   Pakistanın “Shaheen Airlines” şirkətinin cari ilin iyun ayından etibarən Bakıya uçuşlar təşkil etmək niyyətini diqqətə çatdıran səfir əlavə edib ki, bu addım Azərbaycanın Pakistan vətəndaşları üçün turizm nöqteyi-nəzərdən vacib istiqamət olduğunun təsdiqidir. O, ölkəmizə daha çox pakistanlı turistin gələcəyinə ümidvar olduğunu deyib.
   Səfir Səid Xan Mohmand 2018-ci ilin 4-5 iyul tarixində Bakıda keçiriləcək 31-ci Beynəlxalq Nailiyyət Mükafatı və Biznes İmkanları Konfransı haqqında və bu tədbirə qatılacaq iş adamları barədə də məlumat verib.
   Görüş zamanı Pakistanın Kommersiya və Sənaye Palatasının prezidenti Zahid Latif Xandan rəhbərlik etdiyi qurum haqqında danışaraq qeyd edib ki, 25 ildir fəaliyyət göstərən palata təxminən 7 min üzvü birləşdirir. O, fəaliyyəti dövründə iki ölkənin iş adamlarının görüşlərinin təşkili istiqamətində palatanın böyük işlər gördüyünü vurğulayıb. 
   Əbülfəs Qarayev Azərbaycan Konqreslər Bürosu ilə Pakistanın Kommersiya və Sənaye Palatasının əməkdaşlığını təklif edib və bu birgə fəaliyyətin hər iki qurum üçün önəmli olacağını bildirib. 
   Nazir görüşdən məmnunluğunu ifadə edərək, gələcəkdə də dost ölkə ilə mədəniyyət və turizm sahəsində münasibətlərə hər zaman dəstək veriləcəyini qeyd edib.